Bu gün Əkbər yenə yuxudan durandan bəri özü-özü ilə danışıb dururdu. Günlərdir ki, atası Vaqifi qocalar evinə aparmaq haqqında düşünürdü və nəhayət, bu gün aparmağı qərara almışdı. Səbəb isə artıq atasının gözlərinin tamam tutulması və onları həddindən artıq yorması idi. Hər dəfə durub bir yerə gedəndə əlindən tutub aparmalı idilər, hər addımında köməyə ehtiyacı olan Vaqif babanı bircə nəvəsi Elcan sevirdi, ondan başqa bütün ailə üzvləri Vaqifi artıq yük kimi görürdü bu evdə. Sanki vaxtı ilə öz boğazından kəsib hər kəs kimi Əkbəri istədikləri ilə təmin edən, gündəlik ehtiyaclarını qarşılayan, təzə paltarla məktəbə salan o deyildi. Özü isə il uzunsa da, qısasa da köhnə qara "kurtka"da olardı. Bircə Əkbər sinif yoldaşlarının yanında əyləşərkən utanmasın, özünü əskik hesab etməsin. Hələ onu demirəm ki, son zəng keçirmək üçün lazım olan 100 manatı qonşu dükançı Arif dayıdan almışdı. O pulu Əkbər birinci kursu bitirəndə ödəyib qurtara bilmişdi. Həmçinin, Əkbər Bakıya oxumağa gedəndə pal-paltar aldı bu da bir borc ... Həyat bu insanı sanki söz vermişdi ki, daşa-qayaya çırpsın. Hər gedişdə bir az daha sıxırdı...

Nəhayət, çoxdan gözlənilən an gəlib yetişdi. Əkbər əllərində Vaqif babanın geyimləri gəlib, babanın yatağının başında durdu: "Dur geyin, ağsaqqal!",— “Getməliyik!” Zavallı Vaqif baba utana-utana, qorxa-qorxa yorğanın üstünə atılan şalvarı götürüb yorğanın altına salıb geyinməyə başladı. Bir yandan sevinirdi, bir yandan kədərlənirdi. Sevinirdi ki, hər günü əzabverici keçirirdi, bəlkə bu zülmdən qurtulaydı. Kədərlənirdi ki, axı Əkbərə həmişə xoş gün nəsib etmişdi, bu qarşılığı idi mi? Nə isə məcbur idi. Qapıdan çölə çıxanda Elcan babasının ayağından yapışıb ağlamağa başladı: "Getmə, baba, getmə!" O ki var çığırmağa başladı. Səs telləri partlamaq üzrə idi. Əkbər uşağın ağzının üstündən şillə vurub onu babasından ayırdı. Uşağın qıpqırmızı yanağı göz yaşına qərq oldu. Qəlbində Əkbərə qarşı nifrət yarandı. Nə isə ağ "Land Gruser"ə oturub evdən uzaqlaşdılar. Əkbər o qədər vecsiz adamıydı ki, minib çapdığı bu maşını atasının onun üçün illərlə işlədiyi və pensiyadan yığdığı və digər dədə-babadan qalan mirasların pulları ilə aldığını da unutmuşdu...

Afaq isə evə qayıdıb televizoru açdı. Afaq Əkbərin həyat yoldaşıdır. Telekanalları dəyişməkdən təngə gəlib türk kanallarının birində saxladı. Burda bir kişi dini mövzuda söhbət edirdi. Afaq mövzuya qulaq asmağını vacib saydı. Axı, o namaz qılıb, oruc tuturdu. Lakin o bir şeyi unutmuşdu. Bayaq qocalar evinə göndərdikləri, bir az kobud desəm, bayıra atdıqları insan onların ərşə çəkilmiş imanlarının təzahürü idi. Bunların dindən bəhs etməsi boş çoxluğa bənzəyirdi. Heç bir şeyi yoxdur .Amma mənəm mənəm deyir.

Əkbər isə yol getməyində idi. Qoca maşının oturcağına qısılıb səsini çıxarmırdı. Maşının təkərləri hər dəfə dövr etdikcə Əkbər sanki qaz pedalını bir daha bərk basırdı. Öz dili ilə desək, məşəqqətə bürünmüş həyatından qurtulmaq istəyirdi. Uzun sözün qısası Əkbər atasını qocalar evinə həvalə edib getdi. Atasından ayrılanda Vaqif oğulunun qulağına bir şey pıçıldadı:
— Mən sən doğulanda adını Əkbər ona görə qoydum ki, böyük olasan, daim zirvələrdə qərar tutasan. Kimlərəsə yuxarıdan aşağı baxasan deyə,məzulumu sıxasan deyə, nankor olasan deyə qoymamışdım!
Eyni tərzdə o da atasının qulağına sakitcə dedi:
— Heyif ki, bura yeri deyil , ağsaqqal. Yoxsa bu söhbətinə çarə qılardım.

İndi Əkbər evə qayıdır... Elə bil ki, üstündəm ağır yük götürülmüşdü... Qəflətən ona zəng gəldi. Zəng edən aylardan bəri sosial şəbəkə danışdığı, dəfərlərlə görüşdüyü, daha doğrusu Əkbərin təbili ilə çalsaq, qeyri-ciddi münasibət qurduğu qadın idi. Adama deməzlər ki, a bəs süni səmimiyyətinə görə bu günə qalmısan? Özü də ağzını açan kimi deyir ki: — "Biz müsəlmanıq". Mən də öz-özümə deyirəm: — "Görünür". Kəlmeyi-şəhadətini bilməyən, namaz qılmayan, oruc tutmayan, zəkat verməyən, Həcc ziyarətinə getməyən insan müsəlamanlıqdan dəm vurur. İkisini bildik deyilir ki, maddi imkanın varsa et. Qalan üçü ki, maddiyyatdan asılı deyil. Hal-qaziyə Əkbər telefonu açdı:
— Hə, canım, salam! Necəsən, ömrüm?
— Sən yoxlayandan yaxşıyam. Haralardasan, gözə dəymirsən nə vaxtdır. Əvvəl 10 gündən bir gələrdin çay içərdik, söhbət edərdik. Deyəsən, məni əvəz edənlər tapılıb!
— Yox. Sadəcə bir-iki işim vardı. Hardasan ki?
— Həmişəki məkanımda. Başqa haram varam ki? Gələ bilərsənsə gəl, nə vaxtdır səni görmək istəyirəm.
— Yaxşı, gəlirəm.
Neçə müddətdir gəlmədiyi məkanın qabağında maşını saxladı və içəri daxil oldu. Məkanın üstünə belə yazılmışdı: "BAR...!"
İçəri girib otaqların birini bağlatdırdı və dünyanın bahalı içkiləri süfrəyə düzdürdü. Süfrəyə düzülənlərinin pulu yetim-yesirin haqqı idi. Hansı ki, ona-buna fırıldaq gəlib qazanmışdı. Əkbər sosial yardım düzəldirdi, amma kim pul verirdisə ona. Firuzə içəri gircək yuxusunda darı görən ac toyuq kimi Əkbərin üstünə atıldı. Şəhvət hissinə təslim olmuş iki cavan öz axirətlərini məhv etməyə başladılar. Lakin Əkbərin nəzərindən bir şey qaçırdı ki, o özünə müsəlman desə belə Hz.Əlinin "Özgəsinin namusunda gözü olanın, öz namusundan xəbəri olmaz!" hədisini unutmuşdu. Onun heç ağlına gəlməzdi ki, nələr baş verəcək. Eyş-işrət məclisi davam etməkdə idi. Şərab süzülür, içilir, yenə süzülür, yenə içilir və bu periodiklik fasiləsiz olaraq davam edirdi ta ki bu içki məclisi qurtarınca. Sonda məcbur da olsa ayrılmalı oldular və çıxanda Əkbər cibindən çıxardığı bir dürmə pulu masanın üstünə atdı və çıxdı. İçkili olduğundan heç pulun qədərinə baxmadı. Amma 20-liklərin və 50-liklərin rəngi uzaqdan sezilirdi. Bir aylıq məzuniyyət götürdüyündən işə getmirdi.

Evə getməli idi. Amma nədənsə dəniz qırağına getdi.Bir qədər ləpədöyəndə oturub dalğaların səsinin qayğayıların səsi ilə yaratdığı harmoniyaya, ecazkar səslənən nəğməyə qulaq asdı. Daha sonra nəsə ürəyinə xal düşmüş kimi oldu. Hövlnak durub evə yüyürdü. Evdə hər kəs yerində idi bircə ərə getməmiş bacısından başqa. Afaq, bilmirsən Röya hardadır?
— Dedi ki: "Dostlarımla görüşəcəm".
— Bunun dostlarlarla görüşü qurtarmır ki!

Röya əslində məşuqu ilə görüşə getmişdi. Məhəbbət də ki nə məhəbbət. Əkbərin Firuzəyə olan məhəbbətindən! Ara-sıra görüşürdülər. Əkbərin eyş-işrətə, murdar əməllərə başı o qədər qarışmışdı ki, ailəsinə, yaxınlarına ayırmağa vaxtı qalmamışdı. Bu isə hələ əlbəttə çox faciələrə açılacaq səngərin qazılmasına verilmiş əmr idi. Bəhruz demişdi ki, bu gün ona çox vacib söz deyəcək. Bu arada Bəhruz, yəni Röyanın sevgilisi Əkbərin illər əvvəl adına söz çıxardığı Gülsüm adlı qızın qardaşı idi. Xülasə, Bəhruz gəldi Röya ilə ingilissayağı görüşdülər. Axı bunlar inteqrasiya eləmiş gənclərdir. Həmişəki kimi görüş yeri yenə bulvarı təyin etmişdilər. Qol-qola bir qədər gəzib-dolaşıb söhbət etdikdən sonra bir kafedə oturub söhbətə davam etməyi daha məqsədəuyğun bildilər. Əslində buranı Bəhruz əvvəlcədən hazırlatdırmışdı. İçəri girəndə Röya qızgül ləçəkləri ilə bəzənmiş, rəngbərəng şamların düzüldüyü masanı gördü və təəccübünü gizlədə bilmədi. Üstəlik Bəhruzun dodağından da öpdü. Daha sonra əyləşib söhbətə qaldıqları yerdən davam etməyə başladılar. Ləziz yeməklər düzüldü və bir də şampan. Röya etiraz etsə də, Bəhruz bir neçə yalvarışdan sonra onu razı sala bildi. Bir butulka 2, daha sonra 3 oldu. Saat bir an belə fasilə vermədən irəliləyirdi. Gecə düşmüş, artıq əqrəb saat 10-nu göstərirdi. Röya sevgilisinə səsləndi:
— Gecdir. Bəlkə gedək?
— Gedək, amma bizə. Axşamı bizdə qal, sabah gedərsən. Artıq gecdir. Deyərsən, gecə idi dostumun anası buraxmadı.
Röya başını aşağı-yuxarı yelləyərək razılaşdı. Bəhruz Röyanı qonşuluqlarındakı evə deyil, şəhərdən kənar Sumqayıtdakı evinə apardı. Röya içkinin təsirindən hansı vəziyyətə düşdüyünü təsəvvürünə gətirə bilmirdi. Taqətdən düşümüş cismini taxta çırpar-çırpmaz, özünü Bəhruza təslim etdi. Səhər açılanda artıq gec idi. Hər şey bitmişdi. Gecəni Bəhruzla keçirdiyini bildii. Mətbəxə keçib iri və par-par parıldayan bir bıçaq götürdü. Bu zaman hələ Bəhruz yatırdı. Əlləri əsə-əsə başını yana çevirib bıçağı əvvəlcə Bəhruzun ürəyinə sancdı. Dərhal çıxardı dəli olmuş kimi ikinci dəfə, üçüncü dəfə bıçaqla Bəhruzun bədənində dəlik açdı. Ən sonda isə öz döş qəfəsinə sancılan bıçaq zərbəsinin nəticəsində həyatla vidalaşdı.

Səhəri gündən Röyanın axtarışı üçün yaxınlıqdakı polis bölməsinə məlumat verildi. Eyni zamanda Bəhruz üçün də. Bu qonşularda da şübhənin yaranmasına səbəb oldu. Bəhruzun son zamanlar narkotikə qurşanmasını isə ailəsi polisə deməmişdi. Bu səbəbdən özləri — ata-anası o biri mənzillərinə baş çəkməyi zəruri hesab etdilər. Bu fikirlə mənzilə yollandılar.

Evin qabığına çatdılar. Qapını açarla açmaq istədilər, çöldən açıq idi, lakin içəridən bağlı idi. Ha döydülər bir hay çıxmadı. Sonda atası evə pəncərəni sındırıb girməyi qərara aldı və otağa giməyi bacardı. İçəridəki mənzərə isə onu bir ömür susmağa məcbur etdi.

Sonra günlər keçdi, aylar ötdü, illər bir-birini qovdu. İndi Əkbər bütün pis vərdişlərinə tövbə edib, ibadətlə məşğuldur. Fəqət, əvvəlki əməlləri onun əməl dəftərində qeyd olunmuşdu və məhşər günü hər birinin cəzasını alacaq və bu yaxınlarda Vaqif babaya görə “Qocalar evi”nə getsə də, onun bir ay öncə rəhmətə qovuşduğunu dedilər.