Ruhum susqunluq adlı dəryada boğulmaq üzrə idi, hiss edirdim... Qəlbimin qırıq parçalarını, dağılmış xəyallarımı toplamaqdan bezmişdim, gözlərimi açıb qarşını görə bilməyəcək dərəcədə aludə idim idealarıma... Məqsədlərim vardı, getməli olduğum bir yol var idi, seçimlərimi belə bir şahmat oyunçusu kimi bəlkə də 10 gediş öncədən hesablayırdım... Amma ağıllanmırdım ya, bəlkə də susqunluğumun səbəbi keçib gedən zaman dilimində hələ də inanıb da mübarizə aparmağım idi...

Bilmirəm, çox yorulmuşdum, ədalətin ədalətsizliyindən, sevginin dəyərsizliyindən, haqq sözünü deyənlərin haqsızlıqlarından yorulmuşdum, ağlamaq üçün eləcə fürsət gözləyən göz qapaqlarımdan, məni səssizliyə məhkum edən ruhumdan yorulmuşdum... Bezmişdim hər şeydən və hər kəsdən... Dəyərli hesab etdiyim hər nə dəyər varsa, itirə-itirə davam edirdim yoluma... Qəlbim beynimi sorğulayırdı, beynimsə bütövlükdə mənə aid olmayan mənliyimi? Sualların ağırlığı altında əzilirdim sanki... Bir dostumun yazdığı kimi, 4 fəsili daşıyırdı qəlbimiz. Gəl gör ki mənim qəlbimdə susuz çöllər və qaranlıq diyarlardan başqa heç nə yox idi... Xeyir və şərin qovuşması kimi idim, nə edəcəyimi özüm belə hiss etmirdim... Yazdığım kəlmələri belə düşünmədən yazırdım çox zaman... Qəssab dükanına girib də dərman istəyən var idi ha, bax o ağılsız mən idim... Susmaqdan bir çarə çıxmırdı, mən də qələmə sığınırdım, yalnız deyildim, amma tənhalığımı qələmlərlə, vərəqlərlə bölüşməyi də öyrənəli çox olmuşdu...

 Yenə də sorğulayırdım, nə idi dərdin, ey könül?! Bəlkə də sadəcə dərdsizlikdən bezmişdim, axı mən ki dərdlərin yükündən ilham alaraq sağlam durmağı öyrənmişdim, mən ki yıxılmaq qorxusu ilə dimdik dayanmağı seçmişdim... Bəli, qorxularımın və ümidlərimin qurbanı idim mən sadəcə, həm də bunu bilərək eyni yolu seçib də gedən qurban..! Bəlkə bir gün peşman olacaqdım, bəlkə də bir gün inandığım dəyərlərə tüpürüb çıxacaqdım bu yoldan, ümidləri torpağa basdırıb, xəyalları nifrət mənbəyimə çevirəcəkdim... Kim bilirdi ki?! Lazım olan hal-hazırda dimdik durmaq idi, sevinmək üçün gəlməmişdik ki bu dünyaya ... Kədəri lazım gəlsə damla-damla axıdaraq dənizdən sipər quracaqdıq inanclarımıza! Yaralı ruhum var idi, sözün əsl mənasında keçmişimi düşünəndə indi yaşadıqlarımı ümumən tərəziyə qoymaq düzgün deyildi! Lakin gələcək də parlaq deyildi ki... Ömrüm harda bitəcəkdi, bilmirəm... Amma Hz. Ömər kimi haqq üçün çalışmağa çalışacaqdım sadəcə!