Ey insan övladı! Yaşaya bilərsənmi rahat bir qolun olmadan? Ey çiçək! Gözəl görünə bilərsənmi ləçəyin olmadan? Ey bülbül! Bu qədər sevilərsənmi səsin olmadan? Bu qədər var ikən dünyada heç ağlına gəlibmi vətən həsrəti?


Dünyada belə bir xəstəlik də var, 

Vətən həsrətidir bu dərdin adı. 

Elindən, yurdundan ayrı düşənlər,

Vətən sevgisindən ayrı düşmədi...


Canından can, qanından qan, gözündən nurun əskik olmağı tək yarım qalıbdır bu torpaq. Ey xalq, millət rahatsanmı torpağın yağı zülmü altında qalandan bəri? Varmıdır qəlbində nifrət? "Ana vətən"- deyirik. Vətən Anadır. Torpaqdır saçının teli. Qıyarsanmı ona,telinə zərər gəlməyinə? Qarabağım! Torpağım! Gözəlliyi ilə heyran edən, havasıyla məst edən, vüqarı ilə qəlbə canantək məhəbbət verən Yurdum. Kimlər aldı səni?

Bir torpaq ki öz millətindən ayrı ola. Bir ana ki övladlarından uzaq ola nə fərqi var?

Sən bu millətin, bu dövlətinsən,Qarabağım! Ədalətə bir gün mütləq yol tapılacağından, övladlarının, millətinin xoş üzlə yanında olacağından, hər gözəlliyinə heyran səni qoruyacağından şübhən olmasın. Uğrunda bu qədər canını heç sayan varkən, qanıyla yağı izlərini üzərindən silmək istəyənlər varkən biz sənsiz, sən bizsiz olarmı? Olmaz!

Biz cismən olmasaqda ruhən ordayıq . Bir gün ruhumuzla deyil, cismimizlədə sənə gələcəyik. Yaxındır, Qarabağım!