Ah, mənim saflıqda bənzərsiz dənizim... Mavi qəlbinin hər incə nöqtəsində məhzunluq yatan dənizim. Əbəs yerə deyil ki, bu qədər sonsuz və ucsuz-bucaqsız bir aləmsən, dünya qədər kədərlərə qucaq açdıqdan sonra, başqa cür ola da bilməzdi... 
Mən nə sular, dənizlər görmüşəm, ətirlərindən hali olmuşam, fəqət sənin şəffaflığın, ənbər qoxun ilə onlarınkı arasında kainat qədər fərq var, dənizim... Bu qədər pak vücudun, ruhun ola-ola, sən ki qoynunda kədər, hüzn bəsləməyə layiq deyildin... Kaş ki, iztirab dünyası sinənin üzərində buludlar çaxdırıb onlardan səpələnən sevinc dolu mirvari damlalarla, qəlbinin dərinliklərini əsarəti altına almış acıları dönüşsüz yolçu eləməyə qadir bir səma olaydım... Kaş ki, gözlərinə mavinin ən gözəl çalarını əks etdirərək səni əbədi olaraq sönməz ulduza çevirən, ənginliyi ilə səni himayəsi altına alan bir səma olaydım... 
Daha səni susan türkü kimi görməyə təhəmmül edə bilmirəm, ey mavi ulduzum.