Yazıma oxuduğum kiçik hekayələrdən biriylə başlayım...

 

"Balaca qız və atası körpünü keçirlər. Ata biraz narahat olur və qızından onun əlini tutmasını istəyir:

 

— Şirin qızım, əlimi yaxşı tut ki, çayın içinə yıxılmayasan.

 

Balaca qız cavab verir:

 

— Yox, ata. Sən mənim əlimi tut.

 

Bir az çaşbaş qalmış ata maraqla soruşur:

 

— Fərqi nədi ki? 


—Çox böyük fərq var"- deyə balaca qızı cavab verir. "Əgər mən sənin əlini tutsam və mənə nə isə olsa, ola bilər ki, mən sənin əlini buraxım. Amma sən mənim əlimi tutsan, mən əminəm ki, nə olursa olsun sən heç vaxt mənim əlimi buraxmazsan..." (sonda nəyə inanmalı olduğuma dair not burax, əziz oxucum)

Hər qız dünyaya göz açdığı andan Yer üzündə onu qoruyacaq ən güclü mələyin-öz atasının şahzadəsi olur. Amma bu ərköyünlük, şahzadəlik sadəcə mələyi yanındaykən hökmlü. Ən ehtiyac duyduğum zamanda məni hər şeylə mübarizə aparmağa məhkum buraxıb getdiyinçün hələ də incik qalmışam sənə. Yarım buraxıb getdiyin üçün, yaralı qoyub getdiyin üçün... Bu gecə 2-1=0.5 düsturunu sənə yazıram mən. Çünki sənsiz yanımda bəşər olsa belə yarımam mən. Bir o qədər yalnızam...

 

Birlikdə ulduzları izlərkən ən gözəl xəyalları qurardıq. Gerçəkləşməyəcəyini bildiyim xəyallar belə sən anlatdığında real görünürdü.
Yenə ulduzları izləyirdim... Ən uzaq ulduzumu. Səni...  Tək fərqi isə budur ki, daha ulduzlara baxarkən heç bir xəyal qurmuram, qura bilmirəm.
Bu gün yenə o ağrını hiss etdim. Sən getdiyin gün səndən uzaqda incidən ürəyimin ağrısını. Eyni şiddətlə ağrıdı, bilirsən??? Hardan biləsən axı. Sən sakitcə yumarkən gözlərini səni görmədən ürəyi dayanacaq şəkildə ağrıyan mən oldum. Eyni ağrı, eyni nəfəs darlığı, eyni yoxluğun, eyni yara... Və göz yaşları qəlbinə axan mən. Mirvariyə bənzətdiyin o göz yaşları sən yoxsan deyə görünmür belə artıq... 

 

24.01.2020

19:24...