Hərdən xatirələr düşür yadıma, yazıram, həmin anlara qayıdıram. Həyatda olanda çox şey yazardım, çünki ancaq yazmaqla ölümsüzləşdirə bilirdim bəzi hissləri, eyni xatirələri. Hətta çox dəxlisiz yazılar da olsa, sevərdim mən hər birini, çünki onlar idi mənim həmin an yaşadığım duyğulara şahidlik edən. Çünki sonradan oxuduqda onlar vasitəsilə mən eyni duyğuları xatırlaya biləcək və onları yenidən yaşayırmış kimi hiss edəcəkdim. Ona görə yazmağa bağlı idim.
 
Uşaq vaxtı futbol oynadığımız yeri xatırlayırsan? "Artıq oradan stadion tikiblər" - deməyi o qədər çox istərdim ki, amma həmin yer indi hansısa ölülərə lənət oxuyan zibilxanadı.
 
Uşaqlıqda pul verməzdilər futbol topu alım deyə. Çünki o topu cırılana qədər dayanmadan oynayardım, tez-tez pəncərələri sındırar, arada da xəstələnərdim. Çox vaxt kiçik 1 məmmədlik sarı rəngli topdan alıb onla oynayardım, hətta kola qablarını, iç-içə keçmiş köhnə corabları da top kimi istifadə edərdim. Sonra böyüdüm, bu dəfə pul var idi, amma oynamağa həvəs yox idi. Ona görə, əziz dostum, nə qədər bacarısan oyna getsin. Bil ki, topun verdiyi həyəcanı sənə heç bir əşya bəxş edə bilməyəcək, ona görə loto, telefon kimi arzularını at kənara və daha çox oyna. "Top ölüsü" , "futbol xəstəsidi də bu uşaq" deyənləri bir an belə vecinə almayaraq oyna.
 
Uşaqlıqda qış aylarında hər gecə qar arzulayıb yatardım. Uzun müddət keçdikdən sonra bir gün oyananda hər tərəfi ağappaq görüb inanılmaz dərəcədə sevinərdim. Qartopu oynamağa heç kim tapmaz, əsəbi halda qarı yumrulayıb divara çırpardım. Uzun müddət yalvarışlardan sonra qardaşımı razı saldıqdan sonra bir-iki atışmadan sonra qaçacağını bildiyim üçün üzünə qar vurmağa çalışmağım, amma etməməyimin sonunda yenə də təkcə qarın üzərində nələrsə haqqında düşünmək qalırdı mənə. Bəzən də qardan adam düzəldərdim, amma qarın az olması və topaların üzərində torpaq qırıntılarının qalmağı çox üzərdi məni. 5 yaşımdan bəri saxladığım qırmızı rəngli papaq və şərfi həmin qardan adamlara çox yaraşardı. Amma hazırladığım bütün qardan adamlar çox soyuq idilər, eynilə insanlar kimi duyğusuz. Elə həyəcanı sadəcə onu hazırlamaqda idi. Bir də həyatım boyunca həmin andakı kimi sevinc hiss edə bilməyəcəm. Qar yağsa belə, hətta yenidən o günlərə gedə bilsəm belə. (Əvvəl qar gələrdi bizim tərəflərə, indi biz getmək məcburiyyətindəyik onu ziyarətə.)
 
Bir həyat düşün, dostum, yuxu ilə dəyişdirilməyə hazır olduğum. Yatmağı çox sevdiyimdən deyil, yaşamağa nifrətimdəndir bunun səbəbi. Daha doğrusu yaşamımın anlamsızlığı deyək. Yuxuda gördüklərim real görüntülərdən, eşitdiklərim gündəlik ünsiyyətimdən və gördüyüm insanlar həyatımdakılardan daha dəyərli olmağa başlayır. Ən pisi də çox qorxuram. Yuxunun daha dərin qatlarına istəməyərək də olsa, enməyi öyrənməkdən və ya gerçək yaşamımı real olmayan video oyuna dəyişdirmə ehtimalından qorxuram.
 
Zaman-zaman elə hisslər keçirdim ki, elə bir hissizləşmə anları yaşadım ki, çox kiçik bir kədərə belə həsrət duydum. Sevinc deyil, sadəcə nələrsə hiss etmək istədim. Hətta ən ağrılı, ən ürək ağrıdan kədərə belə razı idim. Təki qəlbimdə boşluq hiss etməyim deyə. Həmin zamandan sonra istənilən növ kədəri bir bəxşiş olaraq hesab etməyə başladım.