Salam, çoxdandır ki, yazmırdım. Necəsən? İşlər necədi? Artıq son görüşümüzdən 2 ildən çox keçir. Bir bilsən, sənin üçün necə də çox darıxmışam. Amma artıq böyümüşəm. Darıxdığımı hiss etməyəcək qədər böyümüşəm. Bilirəm. Darıxdığım nə səsin, nə gülüşün, nə də gözlərin deyil ki. Darıxdığım şeylərin xatirələr, eyni hissləri keçirtməyim, bir də özümü əhəmiyyətli hiss etməm olduğunu bilirəm. Gedişindən sonra xatirələr bilirsən necə hiss etdirir mənə? Kədərləndirə bilmir heç bir xatirən məni, hüzün hiss edə bilmirəm. Bu, zaman dəyişimində xatirələrin kədər funksiyasını itirdiyinə görədir, yəqin ki. Amma o xatirələrin məni öldürməsini necə də çox istərdim.
 
Çoxdandır ki, nələrsə yazmıram. Yazmağa bəhanə tapa bilmirəm. Gör hansı vəziyyətə gəldin ki, yazmağıma səbəb olarkən, indi isə bir bəhanəyə çevrilmisən. Yazmaq üçün mənə bir xitab üçün kimsə lazımdır, buna görə varsan bu yazımda da. Yəni, yanlış anlama. Çoxdan unutmuşam səni. Bu il ilk dəfə idi ki, nə ad gününü, nə də birlikdə olduğumuz ilk günü xatırladım. Əslində, unutmamışam həmin günlərin tarixini, amma həmin günləri heç nə hiss etməyərək, hətta bir saniyə belə olsa xatırlamadığıma görə asanlıqla deyə bilirəm - unudulubsan.
 
Necə də çox sevərdim səni, xatırlayırsan? Məni olduqca yüksək qiymətləndirib heç vaxt unutmayacağını demişdin. Gəl, bax görə indi necə vəziyyətdəyəm? Nələr düşünürəm, necə dəyişib hansı bir insana çevrilmişəm? Çox təəccüblənərsən inan ki. Çox dəyişmişəm, çünki o lənətə gəlmiş zaman sürətli keçib. Böyümüşəm, həm də istəməyərək. Öz içimdə boğulmağım bəs deyilmiş kimi, bir də bu zaman deyilən anlamda ilişib qalmışam.
 
Yadındadır, sənə oxuduğun son yazımda "bir də səni sevən olmayacaq mən qədər" yazmışdım. Daha yaxşı anladığım bir şeyi əvvəlcə deməyi unutmuşdum deyə indi yazmaq istəyirəm: "Bir də heç kəsi sevə bilməyəcəm sən qədər."
 
Əslində, burda demək istədiklərim 2 cümlədən ibarət idi: "Böyüdükcə, unuduram səni, unuduram xatirələri və bu vəziyyətlə heç barışmıram. Çox tez böyüyürəm, böyüdükcə daha az şeylər hiss edirəm deyə, sənə daha çox ehtiyac duyuram." Demək istədiklərim sadəcə bunlardan ibarət idi, amma gördüyün kimi nə qədər də uzatmışam. Böyüdürəm, bilirəm. Böyüdükcə adi şeyləri, sadə cümlələri böyütməyə məcbur oluram. Həm də bütün həyatıma nəzər yetirdiyimdə, görə bilirəm ki, mən həmişə hər şeyi böyütmüşəm. Məsələn... Məsələn, sən də adicə uşaqlıq sevgim deyildinmi? Bəs nə gəzirsən indiki yazılarımda? Böyüyürük, böyüdükcə də azalırıq. Tezliklə tükənməyim, tamam yox olmağım diləyilə gecən xeyrə. Çünki bacarmadım mən, gənc olmağı, yetkin kimi davranmağı. İndi isə 70 yaşlı ahıl kimi parkda oturub uşaqları seyr edirəm bitkin sifət və yorğun gözlərlə, bir də yalnız uşaqlar üçün hiss etdiyim ümidlərlə. Düzdür, üzümdə qırışlar yoxdu, amma o qırışları mən qəlbimdə hiss edirəm.
 
Böyüdükcə aşiq ola bilmir insan, sevmək ehtimalı isə olduqca azalır. Bəzən səndən başqalarını da sevməyə cəhd etdim, bir-iki deyil, neçələrinə yazılar həsr etmək istədim. Sevmək istədim onları, sənə bənzəməsələr də. Hər birində səni tapmaq istədim. Alınmadı, az da olsa, sevə bilmədim heç birini. Yarımçıq yazılar yazdım bəzilərinə, oxutmadım, sonra sildim hamısını birdəfəlik. Yazdığım bir cümləmi belə silməmişdim bundan əvvəl, amma yarımçıq yaşandıqları üçün bu duyğuları silməli oldum. Məndə hər şey ya tam olur, ya da heç olmur, bilirsən. Ən pis kitabları belə, oxumağa başladımsa, sonuna qədər getməyim kimidir, eynilə insan tanımaq, onlara qarşı nələrsə hiss etmək də.
 
 * * *
 
Səni heç kəsdə tapmadıqdan sonra, daha doğrusu, tapa bilməyəcəyimi anladıqdan sonra səni yenidən sevməyə başladım. Sənə yazdıqdan sonra yenidən bağlandığımı gördüm. Yenidən darıxdım, görmək, səsini eşitmək istədim. İllər sonra geri qayıdılan bir lənət kimi, beynimi işğal etməyinə könüllü şəkildə izn verdim. (Əslində, səndə xüsusi bir şey olmayıb heç vaxt. Sadəcə mən yükləmişəm sənə bütün anlamları. Məsələn, sevmək sözünü eşitdiyim anda ağlıma ilk sənin gəlməyinə səbəb yalnız özüməm)
 
Amma belə yaşamaq mümkün deyil. "Bəlkə"lərlə bir addım belə yol getməyə nə taqətim, nə də istəyim qalmayıb uzun müddətdir ki. Ona görə olar ki, bu sənə son yazım olsun? Eybi yoxdur, daha əhəmiyyətli mövzular taparam mən. Bir daha sənə xitab etməyəcəyim, səndən yazmayacağım üçün Məni Bağışla. Çünki, bilirəm, sən o gözlədiyim yerə-uçurumun kənarına gələsi deyilsən. Yüksəklik qorxun səbəbindən deyil, sevmədiyin bəhanəsi ilə, qəlbimi qırmamaq istədiyin, məni yenidən eyni hala salmaq istəmədiyin üçün gələsi deyilsən. Bəs onda gözləməyin anlamı nədir ki?
 
Bir zamanlar sənə çox uzaq olarkən qələmlə vərəqlər doldurub, oxuyasan deyə nələr edərdim. İndi isə bu sözləri oxumağın çox asan olduğu halda, sənə bir link'i belə çox görəcək, daha doğrusu oxumağını anlamsız hesab edəcəyim hala gəldik. "Bizə nə oldu?" - deyə soruşmaq istərdim, amma cavabını bildiyim sualları soruşmağın belə anlamı qalmayıb artıq. Böyümüsən... Böyümüşük...