II hissə

Orxanı uzun müddət idi ki görmürdüm. Necə deyərlər göz görməyəndə ürək bir təhər dözür onsuzluğa. Görmürdüm deyə unutduğumu hətta nifrət etdiyimi belə düşünməyə başladığım bir zamanda çıxdı qarşıma. Dispanserə gəlmək üçün evdən çıxmışdım, dan yeri təzə-təzə ağarmağa başlayırdı. Gənc əsgəri tək buraxmamaq üçün evə ara bir gəlirdim və bu gün də o günlərdən biri idi. O yatandan sonra cəmi bir neçə saatlıq çıxmışdım dispanserdən. Beynimin bir nöqtəsi “Əslim”ə zillənmişdi. Elə onları düşünə-düşünə asılsız səki ilə addımlayırdım. Fikrim o qədər dağınıq idi ki, metroya necə çatdığımın fərqində olmamışam. Artıq metronun içindəydim və biraz sonra mənə bütün keçmişi, qırılıb tökülmüş həyatımın canıma batıracağı şüşə parçalarıyla dolu qocaman bir boşluğu gətirəcək olan o qatarı gözləyirdim. Qatar gələndə tez-tələsik sıxlıqda qalmamaq üçün birtəhər daxil oldum içəri. Ancaq 5 dəqiqə sonra 2 ci stansiyada mənə dikilib qalan bir baxışın olduğunu fərq etdim. Yanılmamışam bu baxışlar 3 il əvvəl birdən-birə məni atıb gedən nişanlımın baxışlarıydı...

Orxanla möcüzəvi şəkildə tanış olmuşduq biz. Onu tanıdıqdan sonra özümü illər öncə qeybə çəkilib sonra əsl xoşbəxtliyi taparaq yenidən dünyaya ayaq basan şəhzadə kimi hiss edirdim. Hər şeyin çox gözəl dəvam etdiyi günlərdən birində oldu nişanımız. Artıq əmin idim layiq olmadığım mükəmməl bir xoşbəxtliyin bir parçası olduğuma. Sonra haqlı olduğumu gördüm. 

Artıq şəhzadənin yuxudan oyanmaq vaxtı çatıbmış sən demə. Və yuxum bitmişdi. Heçnəsiz çıxıb getmişdi məndən. Sadəcə bir cümlə qalmışdı ondan geridə, bir də o cümlənin olduğu zərfdə nişan üzüyünü saxlamışdı...

Günlər, aylar, illər keçdi. Hər gün eyni əziyyəti çəkdim, özümü günahlandırdım ancaq nə qədər düşünsəm də heç bir səhfim olmadığı qənaətinə gəldim hər dəfəsində...

Sayaqlayaraq, ağlayaraq oyandığım gecələrin sayı hesabı yox idi artıq. Bir neçə ay pisixoloji dəstək aldım və az da olsa özümə gələ bildim. Dispanserdə çalışmağa başladım, bəlkə insanlara köməyim dəyərsə yaddaşım da yenilənər deyə uşaqca bir düşüncəyə qapılmışdım...

3 il, dağ boyda dağlar çəkən bu 3 ildən sonra köhnə bir qatar şahidim qisminə yazıldı axirətimçün...

Artıq bu qatar da mənə hər gün eyni acını daddıracaqdı...

Yazar: Aytac Qayıb