Günəşin ilk şəfəqlərilə birgə oyanan Təhmasib, yanında Nilufəri uzanan görməyəndə

həyəcanlandı. Tez ayağa durub onu axtarmaq istəyirdi ki, Nilufərin mülayim səsini eşidib rahat 

nəfəs aldı:

- Sabahın xeyir.

- Sabahın xeyir- Təhmasib çarpayının üstündəki koftasını götürüb, geyinərkən dedi. 

- Səncə yenə gələrlər? 

- Narahat olma. Bura gələ bilməzlər. 

- Evə gedə bilərəm? Qardaşım təkdi. İndiyə narahat olar. 

- Qardaşın Nigarın yanındadı. Onu dünən özüm ora aparmışam ki, tək qalmasın. 

Nilufər gözünün üstünə düşən saçını qulağının arxasına keçirib, gülümsəyərək təşəkkür etdi. 

Təhmasib mətbəxə keçib, səhər yeməyi hazırladı. Yeməkdən sonra Nilufəri qardaşının yanına 

apardı. Sonra isə öz sevimli bərbərxanasına getdi.

Günortadan bəri yağan yağış yenicə kəsmişdi ki, Təhmasib telefonuna gələn zənglə əlindəki işi 

yarımçıq qoymalı oldu. Dəstəyi açan Təhmasib, tanış səsi eşidib gülümsədi. Ona verilən suallara 

bacardığı qədər lakonik cavab verməyə çalışırdı:

"Yox, hələ gəlməyiblər", "səhər maraqlanaram", "təcilidir?", "indi gəlirəm".

Son cavabdan sonra Təhmasib əlindəki işi tez-bazar bitirib, görüş yerinə doğru hərəkət etməyə

başladı. Taksiylə "Şirvanşahlar sarayı"na getdi. Kassadan bilet alan Təhmasib, hara gedəcəyini 

bildiyi üçün, özündən əmin addımlarla irəliləməyə başladı. Əsas binaya girmədən, sola döndü. 

Şahın vaxtilə oturduğu bölməyə daxil olanda 2 gün əvvəl bərbərxanasına qonaq gələn, yaşlı 

adamı gördü. Adam onun üzünə baxmasa da, onun gəldiyini hiss edib, sözə başladı:

- O vaxtı saraya gələn qonaqlar, tacirlər və elçilər şahın hüzurunda təzim edib, ətəyindən 

öpdükdən sonra bura yaxınlaşarmışlar. Şah onların məramını dinləyərmiş. Hökm verərmiş. Bax 

bu kiçik barmaqlığı görürsən?- yaşlı adam, əlindəki çəliklə yerdəki dəmir barmaqlığı göstərərək 

soruşdu. Cavabın gəlmədiyini görüb, sözünə davam elədi- bir xəttat orada oturub, bütün 

eşitdiklərini qələmə alarmış. Əgər kimsə dediyi sözü danacaq olsa, bütün danışığın yazıldığı 

kağızları göstərər və onu dediyi hər sözə görə mühakimə edərmişlər. Bu saray Azərbaycanın 

uzunömürlü dövlətçilik ənənələrinin bariz nümunəsidir. 

- Bütün bunları mən də çox gözəl bilirəm. Nə də olsa bu bizim tariximizdir. Sizin bunu 

bilməyiniz qəribədir. 

- Heç də yox mənim dostum.- kişi cibindən çıxardığı siqarı damağına qoyub, yandırdı. Siqardan 

bir qullab alıb, sözünə davam elədi- Çünki biz uzun illər bu torpaqların arzusunda olmuşuq. Ən 

azından bizim krallar. Neyləmək olar axı? Bu bir siyasətdir. Sizin torpaqlardakı təbii sərvətlər 

çox dəyərlidir.

- Bizim üçünsə onun uğrunda tökdüyümüz qanlar dəyərlidir. Bizim sizlə fərqimiz budur. Siz 

kraliça üçün ölürsünüz. Biz vətən üçün. Hə köhnə dostum. Siz "üzərində gün batmayan" ölkənizə

nə vaxt geri dönürsünüz?

Yaşlı cənab qollarını yana açaraq cavab verdi:

- Bunu demək çətindir. Mənə nə vaxt desələr onda da gedəcəm. Amma mənim dostum. Sizə son 

bir kömək etmək istəyirəm. 

Təhmasib divara söykənib, dedi:

- Sizi dinləyirəm. 

- Signor Benedetti arxanca bir ordu göndərmək fikrindədir. Sən buna hazır olmalısan. 

- Mən bunu təxmin edirdim. Siz bunu mənə deyərək nəyi hədəfləyirdiniz? Sizdən kömək 

istəyəcəyimi? Kraliçanın ətəyindən öpüb, mərhəmətli olması üçün dua edim? Ya İngiltərəyə

sədaqət andı içim? 

- Bizim təşkilatın bundan xəbəri yoxdur. Bu mənim sizin atanıza olan borcumu qaytarmaq üçün 

bir şans idi. Mən də dəyərləndirdim. Atanız dəyərli düşmən idi. Ləyaqətli bir centlmen idi. 

- O sadəcə türk idi. Siz bizim min illər sahib olduğumuz adət-ənənəyə uyğun insan görəndə

centlmen deyirsiniz. Ləyaqət türklərin qanında var. 

- Hər nəysə dostum. Bu sənə son köməyimdi. Arxanca bir ordu gələcək. Əgər istəsən səni və

qızcığazını ölkədən çıxara bilərəm. 

- Narahat olmayın. Lazım olsa özüm çıxaram. Nə də olsa bura mənim vətənimdir. 

Yaşlı cənab siqarını söndürüb, kötüyünü portsiqarına qoyduqdan sonra Təhmasibə gülümsəyərək 

dedi:

- Sizi tanımaq gözəl idi dostum. Siz həqiqətən də atanıza çox oxşayırsınız. Ümidvaram ondan 

daha uzun yaşayarsınız. 

Sözünü bitirən cənab oradan ayrıldı. Təhmasib isə dəfələrlə gəldiyi sarayı bir daha gəzdikdən 

sonra, öz kiçik evinə qayıtdı.

2 gün sonra Gecə yarı.

Pəncərədən içəri girib, sakitcə çarpayıya yaxınlaşanda hər şey yolunda idi. Heç bir səs 

eşidilmirdi. Qüsursuz bir iş olacaqdı. Sakit, səssiz. Yorğanı qaldırıb bıçaqla tək zərbədə işi 

bitirəcəkdi. Yorğanı təzəcə qaldırmışdı ki, boynuna dirənən metalın soyuqluğunu hiss edəndə

əlindəki bıçağı qeyri-ixtiyari yerə tulladı. Yavaşca geri dönüb, çarpayıda olduğunu düşündüyü 

Təhmasibi qarşısında gördükdə təəccübləndi. Təhmasib tək zərbəylə onu yerə salıb, boğazına 

çökdü və dedi:

- Sizinlə birlikdə gələn kimdi? 

- Bir azdan içəri adamlarım girəndə sənin boğazına mən çökəcəm. Onda cavabını böyük bir 

həzzlə verəcəm. 

- Hansı adamların? Bağçanın tinində gözləyən 2 axmağı deyirsən ya evin qapısında gözləyən 4 

nəfəri? Bəlkə də arxa girişdə əllərində revolver dayananları deyirsən. Amma sənə pis bir xəbərim 

var. Onlar səni o dünyada gözləyirlər. İndi sualıma cavab ver.

Təhmasibin gözlərindəki qətiyyəti gördükdə, onun yalan demədiyini anlayıb, onun sualına titrək 

səsilə cavab verdi:

- Edqar. 

- Alfonzonun yeznəsi? 

- Hə. Edqar Karlevaro. 

- Alfonzo arxamca drijor göndərib ki. Orkestri yaxşı olmasa da, Edqar özü yaxşı drijordu. 

Təhmasib bir zərbəylə onun şah damarını kəsdikdən sonra, evi tərk etdi. Cəld Nilufərgilin evinə

doğru qaçdı. Nilufəri və qardaşını evdən alıb, onları şəhərin o biri ucuna apardı. Uşağı evə

yerləşdirdikdən sonra, ev sahibinin maşınını götürərək, Nilufərlə birlikdə evi tərk etdi. Yolboyu 

heç nə soruşmağa cürət etməyən Nilufər, Təhmasib maşını qəfil "Əlyazmalar İnstitutu"nun 

binası qarşısında saxladıqda marağını gizlədə bilməyib soruşdu:

- Bura nə üçün gəlmişik? Yenə nə olub?

- Bu dəfə onlar çoxdular. Sizi tək qoruya bilmərəm. Mənə kömək lazımdı.

- İnstitutda? Burada kim kömək edəcək bizə? 

- Gedək. Görərsən. 

Təhmasib köhnə "Mersedes"in qapısını çırpıb, institutun binasına daxil oldu. İkinci mərtəbəyə

çıxıb, Hüseyn Cavidin ev muzeyinə doğru irəlilədi. Nəzarətçi Təhmasibin göstərdiyi sənədi 

gördükdən sonra, onların arxasınca getmədi. Binadakı bütün kameraları söndürüb, gözləməyə

başladı. Təhmasib və Nilufər muzeyə girən kimi sağ tərəfə döndülər. Otağa girəndə Təhmasib, 

Ərtoğrul Cavidin masasına yaxınlaşdı. Nilufərin hövsələsi çatmadı. Təhmasibə yaxınlaşıb, 

qulağına pıçıldadı:

- Axı nə axtarırsan?

- Azərbaycan Xalq Cümhuriyyəti qurulan zamanlarda başından bəlalar əskik olmurdu. Ölkənin 

bir yanında erməni yaraqlıları, digər yanında isə yeni qurulan Sovet Rusiyası vardı. Vətəni 

müdafiə etmək məqsədilə Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Səmədbəy Mehmandarov və

Əliağa Şıxlinski ordu quruculuğu ilə məşğul oldu. Amma ordudan əlavə bir bölmə də təşkil 

olundu. Bu vətəni düşmənlərdən qoruyacaqdı. 1920-ci ildə ölkə işğal olunanda ordu dağıdıldı. 

Amma bu təşkilat öz varlığını qoruyub saxladı. Hüseyn Cavid də onlardan biri idi. Ondan 

təşkilat haqqında öyrənmək istəyən SSRİ, bir məlumat əldə edə bilməyib, sürgünə yolladı. Şairin 

bütün bildikləri bir zərf içində oğlu Ərtoğrul Cavidə qalır. Amma Ərtoğrul Cavid heç vaxt 

atasının ona buraxdığı zərfi aça bilmir. Heç vaxt bundan xəbərdar olmasa da, atasının əmanətini 

göz bəbəyi kimi qoruyub, saxlayır. 

Təhmasib masanın gizlin bölməsini açır və oradan sənədləri çıxarır. Köhnəlmiş, sararmış 

kağızların üzərində yazılanları oxumaq olmurdu. Nilufər kağızlara baxıb dedi:

- Bunlar ərəbcə yazılıb. Oxumaq olmur.

- Ərəbcə deyil. Əski əlifbadadır. Mən oxuya bilirəm.

Nə yazılıb bəs? İşə yarayan nəsə var? 

- Əlimərdan bəy Topçubaşovun teleqramlarıdır. Parisdən göndərdiyi məktublar. 

- Oxu da. Ürəyim partladı axı.

Təhmasib kağızlara diqqətlə baxaraq oxumağa başladı:

“25 dekabr 1919, Paris

Azərbaycanı tanımağa hazırdırlar. Bizim əvvəlinci görəvimiz - mütləq Azərbaycan 

hakimiyyətinin tanınması pək yakında həyata keçəcəkdir.”

“ 25 Şubat 1920, Paris

Adamlarımız rus nümayəndə heyyətinin planlarını öyrənmişdir. Onlar Azərbaycanı məhv etmək, 

yenidən bizi öz müstəmləkəsinə çevirmək istəyirlər. Əli bəyə və Hüseyn bəyə bildirin. “Məclisu-

l-Əmən” bunun üçün bir tədbir görsün.”

“ 27 mayıs 1920, Paris

Ölkəni işğalçılara təslim etməyiniz. Onların məqsədi Azərbaycanı müstəmləkəsinə çevirməkdir.”

“15 Ağustos 1920, Paris

Ruh Diviziyası ümməti Azərbaycan üçün əlindən gələni etməlidir. Ümid sadəcə onadır.”

Sonuncu teleqramı oxuduqdan sonra Təhmasib gizli bölməni ələk-vələk elədi. Ancaq heç nə

tapmadı. Varlığını bildiyi təşkilatın adını öyrənsə də, onun haqqında heç bir məlumat əldə edə

bilməmişdi. Tam çıxacaqdı ki, masanın üzərindəki bir vərəq diqqətini çəkdi. Vərəqi oxuyanda 

Təhmasib axtardığı yolu tapdığını anladı:

“ Qurd ulaması eşitsən, bil ki, ruhlar tapdı səni. Axtardığın həmin gecə, alarsan istədiyini” 

Təhmasib və Nilufər birlikdə oranı tərk etdilər. Nilufər qardaşının yanında sakitcə yatarkən, 

Təhmasib çarpayısında gözüaçıq uzanmışdı. Gözləyirdi. Ruhların gəlişini gözləyirdi. Düz 3 saat 

gözlədi. Gözünü yummadan, tərpənmədən gözlədi. Ancaq gələn yox idi. Bir neçə dəqiqəlik 

gözünü yumdu. Amma sadəcə bir neçə dəqiqəlik. Elə bu an bir səs eşitdi. Bu qurd ulaması idi. 

Gözünü açan Təhmasib sinəsinin üstünə qoyulan zərfi görəndə az qaldı ki, dəli olsun. Ətrafına 

boylansa da, heç kimi görmədi. Zərfi açanda bu cümlə ilə qarşılaşdı: “ Günəş doğanda, Qız 

Qalasından üfüqə boylansan, ruhlar aləmini görə bilərsən.” 

Təhmasib cəld ayağa qalxdı. Hazırlanıb çıxdı. 

“Mersedes”in matorunun səsi kəsiləndə, günəşin doğmağına az qalmışdı. Təhmasib gizlincə Qız 

Qalasına girdi. Qalanın başına çıxdı. Üfüqə boylandı. Qəfil eşitdiyi səs onu geri dönməyə

məcbur elədi:

- Ölüm Şairi, xoş gəlmisən. 

Təhmasib qarşısında dayanan maskalı adama baxaraq dedi:

- Mənim adımı bilirsiniz. Bəs siz kimsiniz?

- Axtardığın deyək. 

- Bəs mənim nə istədiyimi bilirsiniz?

- Düşdüyün bəladan səni xilas etməyimizi. Edqar Karlevaronu aradan götürməkdə sənə kömək 

etməyimizi. Düz tapmışam?

- Elədir ki var. Bəs necə? Kömək edə biləcəksiniz?

- Şair, bu ölkədə elə bir şey yoxdur ki, bizim ondan xəbərimiz olmasın. 100 ildən çoxdu bu 

ölkənin yaşaması üçün çalışırıq. Sovet ittifaqı bizi məhv edə bilmədi. Səncə bir ovuc mafiozun 

ölkəmizdə at oynatmasına icazə verərik? Təbii ki, yox. Biz sənə kömək edəcəyik. Ancaq sən də

öz ölkən üçün kiçik bir şey edəcəksən. 

- Nədir o? 

- Tələsmə şair. Özün də bilirsən axı, ilham gələnə kimi gözləmək lazımdı. Sənin işin həll olundu 

say. Bizim işə gəldikdə isə, gözlə. Biz səni tapacağıq.

- Mənim işim həll olundu?

- Hə. Bu dəqiqə Edqarı tutduğu otelin holundan keçirib, xəstəxanaya aparırlar. Daha doğrusu 

xəstəxananın morquna. Deyəsən yediyi nəsə boğazında qalıb. Onun kiçik ordusu isə, Bakını çox 

seviblər. Xüsusilə də, Xəzəri. Xəzərdə əbədi qalmaq istədilər. Biz də kömək elədik. 

- Bəs mənim sizə köməyim nədən ibarətdir? 

- Dedim axı şair. Səbr elə. Ağ canavar səni gəlib tapacaq. Bax onda sən ölkənə xidmətinin nədən 

ibarət olduğunu anlayacaqsan. Indiysə get evinə. Rahatca dincəl. Çünki hələ biz çox 

görüşəcəyik.

Təhmasib köhnə “mersedes”də oradan uzaqlaşanda, günəş artıq səmada öz yerini almışdı. Ilk 

şəfəqləri isə “Mersedes”in arxasından onun getdiyi yolu aydınladırdı. Küçə lampalarının isə

günəşin doğmasından hələ də xəbəri yox idi. Onların günəşin şüası altında görünməz olsa da, 

zəif sarı işıqları hələ də yanmağa davam edirdi. Təhmasib isə elə - hey sadəcə bir cümləni 

düşünürdü: “ Ağ canavar səni gəlib tapacaq.”

Signor Bayramlı Məhəmməd.