V hissə
(Açılan keçmiş)
O gün bütün sirlərin açılacağından xəbərsiz idim mən. Çox az-az danışırdı düzdü, ancaq, əsas olan danışmağıydı deyə düşünürdüm. Bir sabah yenə adətim üzrə onu ziyarət üçün ya da yoxlamaq üçün deyim, otağına getdim. Üzünə baxanda yenə yuxusuz bir gecənin ağuşunda olduğunu anlamaq çətin olmurdu. Bu dəfə o təklif etmədən keçib oturdum. Nəsə danışacaqmış kimi sakitcə gözləməyə başladım. Bir neçə dəqiqə sonra elə bir of çəkdi ki, bütün bədənim üşüdü, və başladı danışmağa...
"Həyatda anamı itirdikdən sonra tək bir qadına güvəndim, sevdim. Hələ yaşım çox az idi. 14 bəlkədə 15...
Yenə dərdlərim məni qucaqlamış, əl çəkməməkdə qərarlı idi və mən ondan qurtulmaq üçün tək təsəllini anamın soyuq məzarından alırdım. Nə vaxt yorulsam, bezsəm, küssəm onun yanına gedərdim, dərtləşərdik, bəzənsə ağlayardıq anamın məzarıyla...
O gün yenə anamla dərtləşmək üçün məzarlığa getmişdim. Biraz sonra hıçqırıq səslərinə ürpərərək başımı qaldırdım və onu gördüm...
İlk orda gördüm onu, "Əslim"i. Atasının məzarıyla danışırdı, o da soyuq məzardan təsəlli gözləyirdi mənim kimi. Elə o gün bağlandım ona, elə o gün sevdim onu. Kənd içi olmağından ehtiyat etsək də, bilirdik ki, o insanı qılınc kimi kəsən soyuq qış səhərləri heç kim gəlməz məzarlıq tərəflərə. Anamın ən çox sevdiyi bir şalı vardı, üşüməsin deyə o şalı ona vermişdim. Hər sabah ona bükülüb gələrdi məzarlığa. Əvvəl ana, atamızla tək dərtləşib sonra bir-birimizə təsəlli olmağa çalışardıq. 5 il keçdi, dağ boyda 5 il. Biz bu 5 il ərzində hər gün bir yerdə ağladıq, bir yerdə güldük o məzarlıqda...
Bir gün adıma çağırış vərəqəsi gəldi, çoxdandı gözlədiyimiz o müvəqqəti ayrılıq gəlib çatmışdı. Ancaq yenə xoşbəxt idik, mən əsgərlikdən gələn kimi evlənəcəkdik. Sabah gedəcəkdim və biz bu gün son dəfə görüşdük. Söz verdi mənə, "sən gələnə qədər deyil mən ölənə qədər gözləyəcəm səni, səndən başqası olmayıb, olmayacaq, hər gün sən gələnə kimi ananla dərtləşəcəm narahat olma. İkimizdə səni gözləyəcəyik, inan mənə" dedi. Axı o anamın gəliniydi, ona inanmaya bilməzdim. Anamla gözləyəcəkdi məni, anamla....
Cəmi 5 ay keçdi 5 ay....
5 ay sonra atamdan bir məktub gəlmişdi...
"Aslan oğlum, bizdən narahat qalma, bacıların da, mən də yaxşıyıq. Ancaq bilirsən ki, bacıların evləndikdən sonra tək qalmışdım, odur ki mən kəntdəki rəhmətlik Yaşar dayının qızına adam göndərdim, anası dul qadındı, borc-xərcləri çoxuydu onların əvəzində qızı mənə verməyi qəbul elədi
1 həftədi Əslimlə kəbin kəsdirmişəm. Nigaran qalma daha o mənə yaxşı baxır. Allah qoysa sən də sağ-salamat gələrsən atan səni də halal süd əmmiş bir qızla evləndirər... "
Rəhmətlik Yaşar dayının qızı deyəndə mən yox idim artıq...
O məktubdan cəmi 1 həfdə keçdi məni xəstəxanaya apardılar sonra da bura gətirdilər. Anamın gəlini anama da mənə xəyanət elədi. O gün tövbə elədim adını anmağa, oyaq olanda özümə hakim ola bilirəm ancaq, yatanda adını sayaqlamamağı bacarmıram. Ağzımı açıb söz demək istəsəm dilimdən adı çıxır ona görə danışmıram mən. Yatası olsam yuxularımdan getmir, ona görə yatmaq istəmirəm mən. Hər gün eyni şeyləri düşünürəm. Mən nə günahın yiyəsiyəm ki, mənim sevdiyim qız mənim xəyallarımı mənlə yox atamla həyata keçirdir....
Bilirsən, bir qızı olub indi, bacım olub....
Adını Zinyət qoyublar...
Anamın adını qızına qoyub mən buna necə dözüm? "
Nə qədər ağladım bilmirəm ancaq, o susanda gözlərim tamam şişmişdi. Elə o da eyni vəziyyətdəydi. Cümlələrim qırılıb boğazıma batdığı üçün heçnə deyə bilmədim o gün ona. Lal olmuş kimi sakitcə çıxmışdım otaqdan.... 

Yazar: Aytac Qayıb