Gözlərini açanda tanış olmayan tavanı, otağın yarısı uçmuş divarını, yanında tüstüləyən samovarı 

görəndə hələ ölmədiyini anladı. Amma harada olduğunu hələ də bilmirdi. Ayağa qalxmaq istədi. 

Ancaq, yarası tərpənməyinə imkan vermirdi. Gözünü tavana zilləməkdən başqa çarəsi 

qalmadığını anlayanda qollarını yana salıb gözləməyə başladı. Qulağına gələn tanış səsi eşidəndə

üzünü turşutdu. Gözünün qabağında tam təchizat dayanan əsgər onun düz gözlərinin içinə

baxaraq, gülümsəməyə başladı. Çiynindən asdığı silahı yerə qoyub, onun yarasına toxunanda 

əlini isladan qanı görüb, qımışaraq dedi:

- Deyəsən, pis keçmədi hə? 

- Hə, çox gözəl keçdi. Az qala ölürdüm. Mən sənin elədiyin zarafatın...- boğazını yırtan öskürək, 

sözünü tamamlamasına icazə vermədi. Ayağa qalxmaq istəyirdi ki, əsgər əliylə onun çiynindən 

basıb uzanmasını istədi. 

- Hələ yaran sağalmayıb uzan dincəl. Yoxsa qan itkisindən ölərsən. 

- Niyə ölməyimi istəmirsən?- başını yastığa yaslayıb, dedi

- Fərqi yoxdu əslində. Yanıma gələrsən. 

- Niyə sən öldün xeyrini gördün? Məni də yanına çağırırsan hələ. 

- Şşşşş. Heç kimə demə. Bura çox əyləncəlidir. Sən də gəl. 

- Gözlə gələcəm. 

Əsgər ağzını açıb nəsə demək istəyirdi ki, içəri girən iyirmi- iyirmi beş yaş arası qız onun sözünü 

yarım qoydu. Qız tüstüləyən samovarın yanında dayanıb, əlini isinsin deyə samovara doğru 

uzatdı və ona baxmağa başladı. Ev sahibəsinin çiyinlərindən sallanan hörüklərinə, soyuqdan 

qızarmış yanaqlarına, üz quruluşuna baxdıqda öz evindən çox-çox uzaqlarda olduğunu anladı. 

Bura nə Azərbaycan idi, nə də SSRİ. Axırıncı dəfə İraqda döyüşdüyünü nəzərə alıb, qıza ərəbcə

səsləndi:

- Eynə ənə? (Hardayam mən?)

- Əntə fil İraq. Fi Kərkük. ( sən İraqdasan. Kərkükdə.)

Əliylə yarasını tutaraq, zarımağa başladı. Içindən müharibəni çıxardana yaxşıca söydü. Qızın ona 

baxdığını görüb, özünü toparladı. Öz-özünə dodağının altında mızıldanmağa başladı:

- Rəhmətlik babam öyrədəndə neyləyəcəm mən ərəb dilini demişdim. Kişi yaxşı ki öyrədib. 

Dadıma çatdı. Yoxsa harda itdiyimi də öyrənə bilməyəcəkdim. Görəsən bu ərəb qızı mənə

kömək edə bilər?

Qız elə bu anda ona yaxınlaşdı. Başının altındakı yastığı düzəldib, dedi:

- Babam indilərdə gələcək. Əgər nəsə istəyirsənsə mənə de.

- Sən bizim dili haradan bilirsən? 

- Dedim axı. Bura Kərkükdür. Mən də Kərkük türküyəm.

- Mən ölkəmə getməliyəm. Kömək edən tapılar?

- Hələ ki, yaralısan. Bir az sağal. Bir çarəsini taparıq. 

Qızın bu təsəllisini eşitdikdən sonra bir az sakitləşdi. Samovardan isti çay süzüb içən qız, bir 

stəkan da onun üçün süzdü. Üfləyərək ona çay içirən qızı görəndə bir anlıq doğma evi və qoca 

anası yadına düşdü. Saçına ağ düşmüş bu qadın, onu uşaq vaxtı zorla yedirər, çay içirərdi. Dili 

yanmasın deyə üfləyərdi çayı. Evin son beşiyi olduğundan nazını çəkən çox idi. Böyük 

qardaşları müharibəyə gedəndən sonra evə baxmaq onun öhdəsinə düşmüşdü. Amma tezliklə

yenə çağırış gəldi. Bu dəfə onun üçün. Qoca anasıyla halallaşdıqdan sonra, bələkdəki qızını, 

yoldaşını evdə qoyub, səngərə yola düşdü. Əvvəlcə onu Gürcüstana, ordan da Rusiyanın 

çöllərinə göndərdilər. Müharibənin soyuq küləyi axırda onu İraqa gətirib çıxardı. O nə zaman, nə

üçün bura gəlib çıxdığını anlamır, amma bundan şikayət də etmirdi. Iraq o qədər də qorxunc 

deyildi. Ta ki, Bağdada bombalar yağana kimi. Bombardımandan qaçanda hara getdiklərini 

bilmədən, geri çəkilməyə başlamışdılar. Ölkənin içərilərinə soxulan düşmənlə döyüşərək geri 

çəkilirdilər. Ancaq heç nə bilmirdilər. Nə döyüşdükləri düşmənin kimliyini, nə də getdikləri yeri. 

Artıq komandirləri də yox idi. Onlara əmr verən kimsə yox idi. Nizam – intizam yox idi. 

Ordunun sərt qayda- qanunu da yoxa çıxmışdı. Heç olmamış kimi. Indi onlar üçün sadəcə bir 

qanun vardı: Sənə güllə atanı öldür və həyatda qal. Indi bütün ordu bu qanunla yoluna davam 

edirdi. Bu adsız şəhərə gəlib çatanda üstlərinə gələn bölük, onları pərən-pərən saldı. O, indi 7-8 

gülləsi qalmış Karabin və bir də ondan başqa heç kimin görmədiyi bu boşboğaz yol yoldaşı ilə

təklikdə qalmışdı. Onunla da Ukranyada döyüşəndə tanış olmuşdu. Səngərdə başını tutub, 

havada uçuşan güllələrdən gizlənərkən, bir də gördü ki, kimsə əlindən tutub onu ayağa 

qaldırmağa çalışır. Gözünün önündə dayanan bulanıq görüntü xoşuna gəlməsə də, qulağına 

pıçıldanan sözlər onu döyüşməyə məcbur elədi. Düzdü, elə də ruhlandırıcı sözlər deyildi. Amma 

yenə də onu səngərdən çıxarıb, irəli atılmağa sövq edəcək qədər tutarlı idi: “Ya indi burda başını 

tutub öləcəksən, ya da gedib bir-iki addım irəlidə ölərsən. Amma ən azından düşmən anandan, 

yoldaşından, qızından bir- iki addım daha uzaqda olar. Hansını seçirsən? ” O da ikincini 

seçmişdi. O gün ölmədi. Amma onun çənəsindən də qurtula bilmədi. Hara getsə, o da yanında 

idi. Qəribəsi onu heç kimin görməməsi idi. Ya o dəli olmuşdu, ya da ölmüşdü xəbəri yox idi. 

Bircə onu bilirdi ki, uzun bir müddət onun yanında olacaqdı...

Gözünü açanda ona doğru əyilən, üzünü saqqal basmış, sağ gözünün altında bıçaq yarası olan, 

qabar-qabar olmuş əlləriylə onun nəbzini yoxlayan yaşlı kişini görəndə əvvəlcə bir hürkdü. 

Amma sonra bunun ev sahibi olduğunu anlayıb, sakitləşdi. Kişi oyandığını görüb, gülümsəyərək 

xəstəyə dedi:

- Özünə gəlmisən? Adın nədi?

- İsmayıl. Adım İsmayıldı. Azərbaycandanam, Xankəndindən. 

- Narahat olma, İsmayıl. Kim olursan ol, bizdən evimizə gələn qonağa xətər gəlməz.

- Sağ olun. Amma mən ölkəmə getməliyəm. 

- Gedərsən. Bir az sağal gedərsən. Ayaqda dayana biləndə bizimkilərə deyərəm, səni sərhədə

kimi ötürərlər.

Ismayıl qocanın sözündən sonra dərin nəfəs dərib, sakitcə yerində uzandı. Onsuz da bu yara ilə

gedə bilməzdi. Yarı yolda yıxılıb qala bilərdi. Sağalana kimi burada qalmalı idi. 

Gecənin zülməti bütün Kərkükü ağuşuna alanda, qoca sökük evində ocağı qaladı və dağıntılar 

altında qalmış qoyunundan birini kəsib, ocaqda bişirdi. Nəvəsi də ona kömək etdi. Ismayıl 

onların üzündəki təbəssümü, qonaqları üçün əl-ayağa düşmələrini görüb bir anlıq düşündü ki, elə

bil onlar heç müharibəyə məruz qalmayıblar. Evin uçmuş divarını görməsən, elə bilərsən ki, əziz 

adamları gəlib, bunlar da qonaq üçün süfrə açırlar. Görəsən həqiqətən də müharibəni belə

asanlıqla unutmaq olardımı? Kim nə desə də, İsmayıl belə tez unuda bilməzdi. Yanında ölən 

dostlarını, başının üstündə uçuşan güllələri, yaxınlıqda partlayan mərmiləri, səngəri dağıdan 

qəlpələri unuda bilməzdi. Təcavüzdən sonra güllələnən gəlinləri, uçan evin altından sadəcə əlləri 

görünən körpələri, üzü- gözü al qana qərq olmuş uşaqları unuda bilmirdi. Bu acı xatirə onun 

beynində silinməz bir iz qoymuşdu. Amma onlara baxanda, bir anlıq hər şeyi unudan kimi oldu. 

Hələ zövq oxşayan türkünü eşidəndə. Ismayıl mahnının təsirilə kəndi, evlərini, qızı Zeynəbin 

beşiyinin başını dolandı gəldi. Türkünü oxuyan qızın zərif səsi onu bihuş edirdi. Qız hörüklərini 

çiynindən sallayıb, süfrəni salarkən, dodaqaltı zümzümə edirdi:

“ Evlərinin ögü yonca 

Yonca qalxmış, dam boyunca

Boyu uzun, beli incə

Ninnə yarım ninnə, Əsmər yarım ninnə.

Evlərinin ögü lalə

Saqi doldur ver piyalə

Yoldaş olaq, düşək yola.

Ninnə yarım ninnə, Əsmər yarım ninnə. 

Ninnə ninnə.”

Ismayıl o gecə müharibənin təsirindən bir azcıq uzaqlaşdı. Amma bu anlıq bir sevinc idi. Bir 

həftə sonra vətəninə, evinə getmək üçün ayaqlanan İsmayıl, qocanın yanına qoşduğu iki cavan 

oğlanla birlikdə İraq – İran sərhədinə kimi getdi. Sərhəddən oğlanlar evlərinə qayıtdılar. Burdan 

o yana İsmayıl və onun boşboğaz yol yoldaşı birlikdə gedəcəkdilər. Sərhəddən bir təhər keçən 

İsmayıl günlərlə yol getdi. Cənubi Azərbaycana çatanda dərin bir nəfəs aldı. Doğma torpaqlarda 

idi çünki. Təbrizə çatanda bir neçə gün burada qalmaq qərarına gəldi. Atasından eşitdiyi, 

Azərbaycanın əsrlərlə paytaxtı olmuş, dədə-baba yurdunu doyunca görmək istədi. Daha sonra 

Təbrizdən çıxıb Azərbaycan sərhədinə getdi. Sərhəddən gizlicə keçmək istəyərkən, şahın 

əsgərləri tərəfindən tutulan İsmayıl, zindana salındı. Haqqında hökm oxunacaqdı ki, aranın 

qarışması hökmün təxirə salınmasına səbəb oldu. Cənubi Azərbaycanda baş verən dəyişikliklər, 

yeni qurulan milli hökümət İsmayılın canını qurtarsa da, iran zindadında çürüməyə məhkum 

edilmişdi. Heç kim onu xatırlamamış, onun nə üçün tutulduğunu, milliyyətinin nə olduğunu 

bilməyən Azərbaycan Milli Hökümətinin tərəfdarları zindandan qurtulması üçün heç nə

etməmişdi...

12 dekabr, 1946.

Ismayıl gecə zindanın tavanına baxaraq, nə zaman öləcəyini düşünürdü. Elə bu zaman çoxdandır 

danışmayan yol yoldaşı yenə danışmağa başladı:

- Nə düşünürsən?

- Bu qədər müddət susduqdan sonra niyə məhz indi danışdığını.

- Cavab çox sadədir əslində. Çünki sən məni çağırdın. 

- Necə yəni?

- İsmayıl. Üzümə diqqətlə bax. Mən kiməm?

- Bilmirəm. Tanımıram səni. 

- Tanıyırsan. 43’ün ayazını düşün. Qar səngəri doldurmuşdu. Soyuqdan donurdun. Silahın 

varlığını da unutmuşdun. Qaranlıq idi. Almanlar qəfil hücuma keçdilər. Səngərə kimi soxuldular. 

Karabin döyüş üçün yaramırdı. Bıçaqla müdafiəyə keçdiniz. Yekəpər alman sənin ənginə bir 

yumruq ilişdirdi. Yerə yıxıldın. Yanındakı tapancanı götürüb, ard-arda atəş açdın. Alman da yerə

sərildi mən də. Gözünü yumduğun üçün məni vurduğunu hiss eləməmişdin heç. Başımda çox 

ağladın. Eşidirdim. Yadına düşdü?

Ismayıl gözünü qısıb diqqətlə baxdıqda qarşısında dayananın kimliyini anladı. Bu onun 

Ukraynada birlikdə döyüşdüyü Teymuraz idi. Ismayıl bir az özünü itirdi. Divarın dibinə çökdü 

və əlləriylə üzünü tutub, bir müddət eləcə qaldı. Əlini üzündən çəkəndə ona gülümsəyərək baxan 

Teymurazı görəndə, bunun kabus olmadığını, həqiqətən də bu anı yaşadığını anladı. Dili topuq 

vura-vura soruşdu:

- Sən... sən.. necə olur bu?

- İstəyirsən vicdan əzabı de, istəyirsən yarım qalmış işi var de. Istəyirsən heç nə demə. Amma 

mən varam və burdayam. Sən ehtiyacın var deyə səninlə danışıram. Ehtiyacın olmayanda 

gedəcəm. 

- Səncə burdan çıxa biləcəm?

- Bilmirəm. Axı mən sadəcə sənin bildiklərini bilirəm. 

Ismayıl ağzını açıb nəsə demək istəyirdi ki, qəfil zindanın qapısı açıldı. Içəri girən cavan oğlan 

Azərbaycan dilində dedi:

- Tez ol çıx. Hamı qaçır şəhərdən. 

- Niyə? Nə olub?

- Şahın ordusu geri dönür. Kafirlər də ona kömək edir. Artıq bura çatıblar. Sabaha Təbrizə girmiş 

olarlar. Əlimizdən heç nə gəlmir. 

İsmayıl cəld oranı tərk etdi. Arxasına baxmadan qaçırdı. Qulağında Teymurazın səsi eşidilirdi:

- Deyəsən qurtulacağıq.

İsmayıl və Teymuraz sərhədə çatanda artıq günəş üfüqdə öz yerini almışdı. Sərhədi keçmək o 

qədər də asan olmayacaqdı. Avqustda çıxarılan Sovet qoşunları Azərbaycana geri dönmüşdü. 

Geridə qalan hissələrsə dekabra kimi sərhəddə gözləmişdilər. İsmayıl sərhəddə gözləyən 

diviziyanın arasına girib Azərbaycana getdi. Azərbaycana girən kimi, Qarabağa doğru yol aldı. 

Xankəndinə çatanda öz doğma evinə, ailəsinin yanına getdi. Xankəndində, kəndinə gedəndə heç 

kim onu tanımadı. 1 il zindanda qalan İsmayıl tanınmaz hala gəlmişdi. Bəlkə də öz doğma anası 

belə onu tanımazdı indi. Kənd camaatının içindən keçəndə, onların danışıqlarını eşitdi:

- Bunlar hara gedirlər?

- Bu gün Xeyransa arvadın ilidi də. Yadından çıxıb?

- İsmayılın anası Xeyransa? Hə. Yadıma düşdü. Yazıq arvad. Elə oğul deyə- deyə öldü. Heyif.

Son beşiyini itirəndə havalandı qarı. 

Ismayıl bunu eşidib, sakitcə onlara yaxınlaşdı. Işi tam öyrənəndən sonra evinə getdi. Anası o 

tutulduğu gün həyata gözlərini yummuşdu. Ismayılın gəlməyəcəyini yəqin edən qayınatası ay 

qabaq yoldaşını başqasına ərə vermişdi. Ismayıl evlərinə çatanda qardaşlarının qurduğu yas 

süfrəsini gördükdə eşitdiklərinin doğruluğuna tam əmin olmuşdu. Oradan birbaşa anasının 

məzarına gedən İsmayıl, saatlarla anasının məzarı üstündə ağladıqdan sonra, cibindən anasının 

verdiyi dəsmalı çıxardı. Anasının məzarından aldığı torpaqdan dəsmala qoyub, oradan uzaqlaşdı. 

Məzarlıqdan çıxıb kəndin ayağındakı evə getdi. Hasardan boylananda, həyətdə o tərəf- bu tərəfə

qaçışan balaca qızını gördü. Zeynəb əlindəki çörəyi ağzında gəvələyə- gəvələyə, şad xürrəm 

dolanırdı ətrafda. Yoldaşı da gülümsəyirdi. Təzə əri yəqin ona yaxşı baxırdı. Ömründə heç vaxt 

onu belə xoşbəxt görməmişdi. Bəlkə də İsmayıl onları heç vaxt belə xoşbəxt edə bilməzdi. Indi 

ortaya çıxa geri döndüyünü deyə bilərdi. Bəs bu nəyi dəyişərdi? Zeynəbi alardı. Atasıydı nə də

olsa. Bəs qızı anasından uzaqda necə yaşayardı? Anası ərini qoyub, gəlməzdi. Indi ortaya çıxar 

və bu vaxta kimi harada olduğunu deyərdi. Amma heç nə dəyişməzdi. Ismayıl onları belə

xoşbəxt edə bilməzdi. Bütün kənd onu qəhrəman kimi tanıyırdı. Ismayıl bütün bunları olduğu 

kimi saxlamaq qərarına gəldi. Sakitcə kənddən gedəcəkdi. Ölkədən də çıxacaqdı. Onu yenidən 

həyata döndərən Kərkükə gedəcəkdi. Yola düzələndə Teymuraz ona həmişəki kimi 

gülümsəyərək dedi:

- Hə. Kərkük gözəlinin yanına gedirsən?

- Səncə? Başqa gedəcək yerim yoxdu. 

- Get. Inanıram ki o səni xoşbəxt edəcək. 

- Burda ölüyəm onsuz da. Hamı məni öldü bilir. Qoy elə də qalsın. Mən ölməmişdən əvvəl 

buralar mənim doğma yurdum idi. Indiysə mən öz cəhənnəmimdəyəm. Cənnətimsə məni 

Kərkükdə gözləyir. 

- Bax indi düz yoldasan. 

- Bir şey soruşum. Sən niyə həmişə gülürsən?

- Yadından çıxıb? Mən öləndə sənə baxıb gülümsəmişdim. Elə də yadında qalmışam. Üzüm 

bulanıq olsa da, təbəssümümü yaxşı görürsən.

- Olar getməyəsən?

- Gedəcəm. Sən Kərkükə çatanda, mən də gedəcəm.

- Axı niyə?

- Çünki, onda mənə ehtiyacın olmayacaq. Amma qorxma. Ora kimi yanındayam.

Ismayıl da ona baxıb, gülümsədi. Kərkükə çatanda, Teymuraz söz verdiyi kimi ayrıldı ondan. 

Arada onun yuxularına qonaq gələr, keçmiş günlərdən xatirələri də özüylə birlikdə gətirərdi. 

Ismayıl Kərkük gözəliylə evləndi. 3 qızı oldu. Birinin adını Xeyransa qoydu. Hər gün qızlarını 

başına toplayar, onlara nağıllar danışardı. Anaları qızlara gözəl türkülər oxuyardı. Bəzənsə

İsmayıl özü haqqında danışardı. Bu zaman isə o, hekayəyə həmişə eyni cür başlayardı: 

“ Mən ölməmişdən əvvəl...”

Signor Bayramlı Məhəmməd.