Elnarə dayanmadan üzünə baxsa da, heç bir reaksiya verməyən oğlan, başındakı kapuşonu 

çıxarmırdı. Gözlərini bir nöqtəyə zilləyib, dayanmışdı. Elnarə artıq onun nəfəs aldığına şübhə

edirdi. Əslində onun həqiqətən var olub- olmadığını da bilmirdi. Bəlkə də, o, gecənin zülmətində

şəhəri bürüyən dumanlardan özüyçün qurduğu bir xəyal idi. Buludların arxasından boylanan ay, 

indi daha qabarıq görünürdü. Şəhərə yayılan ay işığı düz onların üstünə düşürdü. Elnarə

varlığından əmin olmadığı bu insanın ona laqeyd yanaşmasından sıxılmağa başlamışdı. Bədənini 

ələ keçirən sızıltıdan daha çox, oğlanın laqeydliyi onu ağrıdırdı. Bu ağrı sanki, damarlarında 

axan qanla əvvəlcə ürəyinə, oradan da bütün hüceyrələrinə yayılırdı. Elnarə bu oğlanın real 

olmadığını, bir zamanlar Parisin küçələrində dolaşdığına inandığı, gecələr pəncərəsində

gördüyünü düşündüyü, çarpayısının başında dayanan və o yatana kimi onu izləyən Mavi bir ruh 

olduğunu zənn etməyə başlamışdı. Əlini uzadıb, ona toxunmaq istəyirdi. Ancaq qorxurdu. 

Toxunanda əlinin boşluğa rast gələcəyindən qorxurdu. Onun həqiqətən də xəyal ola bilmə

ehtimalından qorxurdu. Düşüncələrinin həqiqət ola bilməsindən qorxurdu. Beynində

şiddətlənməyə başlayan ağrılar dözülməz hala gəlmişdi. Elnarə hər an qulağında səslənən 

musiqinin yoxluğunu hiss etməyə başlamışdı. Üstünü axtardı amma axtardığını tapmayanda, 

üzünün ifadəsi dəyişdi. Onun belə canfəşanlıqla nəsə axtardığını görən oğlan, cibindən çıxardığı 

telefon və qulaqcığı Elnarəyə uzatdı. Elnarə dimməz-söyləməz oğlanın əlindəkiləri aldı. 

Qulaqcığı qulağına taxdı və musiqini dinləməyə başladı. Musiqi qulaqlarında səsləndikcə Elnarə

yavaş- yavaş özünə gəlirdi:

“ Bu günlər bizim ömrümüzdən keçər

Mənim son ümidim açılan səhər

Sənin əllərin mənim əlimdən ayrılaraq qovuşar əbədi göylərə

Biz dünyamızı döndərəcəyik yenə

Vurulaq yenə, sarılaq yenə

Son dəfə rəqs etmədi yağışda 

Mənə mavi qızılgülü bağışla”

Musiqi onun ağrılarını sakitləşdirməklə yanaşı, onu uzaq keçmişinə aparırdı. Mavi ruha inandığı 

vaxtlara...

Marsel yayda isti olsa da, dənizdən sahilə vuran xəfif meh insanı bihuş edir və bu gözəl şəhərdən 

zövq almağa sövq edəcək hisslər oyadır. Sahildə lövbər salan gəmilər, suyun üstündə asta- asta 

yırğalanır. Turistlər şəkil çəkdirirlər ki, xatirə qalsın. Günəş üfüqdə bərq vurur. Səkidə yadların 

keçid mərasimi var. Bir – birini tanımayan insanlar, dəfələrlə üz – üzə gəlsələr də, tanış olmağa 

cəsarət edə bilməyən aşiqlər, ilk dəfə gördüyü gözəl qızın arxasınca düşən oğlanlar və daha artığı 

Marselin səması altında birləşmişdilər. Turistlərdən başqa, şəhərə istirahət üçün gələnlər də

vardı. Elnarə və Mişel kimi...

Istirahət üçün Lidiyanın Marseldəki evinə qonaq gedən Mişel, Elnarənin düzəlməyə başladığını 

gördükcə, özünü xoşbəxt hiss edirdi. Elnarə artıq anası üçün darıxmırdı. Ya da darıxsa da, bunu 

atasına büruzə verməmək üçün əlindən gələni edirdi. Günboyu qulaqcığı taxır, zəif səslə mahnı 

dinləyirdi. Marselin havası ona yaramışdı. Bir zamanlar anasının da gəzdiyi bu şəhər, Elnarədə doğma xatirələrin varlığına inam yaratmışdı. Hansı ki, bu xatirələri sadəcə onun anası bilirdi. 

Elnarənin hər bir insan kimi müəyyən qorxuları da vardı. Uşaq ikən oddan çox qorxardı. Bir 

vaxtlar kloundan. Bir az böyüdükcə bu qorxulardan qurtulmuşdu. Amma qorxulu nağıllara hələ

də inanırdı. Bu onda irsi idi. Şəmsin anası da bu nağıllara inanar və yaşından asılı olmayaraq 

onlardan qorxardı. Elnarə də nənəsinə oxşamışdı. Dostlarının ona danışdığı bir hadisə onun 

yadından çıxmırdı. Bir zamanlar Fransada dolaşmış tənha bir ruh. Ikinci dünya müharibəsinin 

nəfəsi Fransanın küçələrindən hələ çəkilməmiş yaşanan bir hadisə idi bu. Almanlar Parisə

girdikləri zaman onlara müqavimət göstərməyə heç kimin gücü çatmırdı. Hər kəs öz küncünə

çəkilib, oturmuşdu. Bu zaman Fransız qadınlarına göz dikən alman əsgərlərinə qarşı mübarizə

aparan biri vardı. Onu heç kim tanımırdı, onunla heç kim görüşməmişdi. Varlığı müəmmalı bu 

şəxs almanların qorxulu kabusuna dönmüşdü. Fransız xalqı onu bir qəhrəman kimi qəbul edirdi 

və ona “Mavi Ruh” adını vermişdi. Amma müharibənin bitməsinə az qalmış bu ruh onları əbədi 

tərk etdi. Şəhərin küçələrində baş verən döyüşlərin birində Mavi Ruh onlardan ayrıldı və səmada 

öz yerini tutdu. O gün bütün Fransa yasa qərq olmuşdu. Müharibə bitdikdən sonra, Mavi Ruh 

haqqında heç kim danışmadı. Ta ki, Paris küçələrində Alman əsilli bir gənc öldürülənə kimi. 

Onun qatili heç zaman tapılmadı. Bu da xalq arasında, Mavi Ruhun intiqamı olaraq qəbul edildi. 

O gündən sonra, qanı qarışıq hər kim öldürülsə, bunun günahkarı Mavi Ruh elan edildi. Hər kəs 

onun Fransanı yadlardan təmizlədiyinə inanırdı. Elnarə də yarı Azərbaycanlı olduğu üçün 

qorxmağa başlamışdı. Marselə gəldikdə bir az dincəlmiş, Mavi Ruhdan uzaqda olduğunu 

düşünərək, rahat nəfəs almışdı. 

Marsel limanından əsən dəniz qoxulu gecələrin birində, Elnarə saçını sığallayan küləyin soyuq 

nəfəsini üzündə hiss edərək oyandı. Ətrafına baxdıqda, açıq pəncərədən başqa heç nə görməsə

də, ona uzaqdan baxan gözlərin varlığını hiss etdi. Səmanın dərinliklərində bir cüt göz onu 

izləyir, sanki hər hərəkətinə nəzarət edirdi. Qorxudan çarpayının küncünə qısılan Elnarə bir neçə

saat beləcə qaldı. Qəlbinə hakim olan qorxu, onu yatmağa qoymurdu. Gözünü pəncərəyə zilləyib 

qorxusunun keçməsini gözləyirdi ki, açılan qapının cırıltısı onun qorxusunu artırdı. Az qaldı 

ürəyi hədəqəsindən çıxa. Açılan qapıdan başını içəri salan Lidiyanı gördükdə, sinəsində çırpınan 

ürəyi bir az sakitləşdi. Amma gözlərindəki qorxunun izləri hələ də silinməmişdi. Lidiya cəld 

onun yanına qaçdı və çarpayıda onun yanında uzanıb, Elnarənin başını sinəsinə sıxıb dedi:

- Nə oldu gözəlim sənə?

- Ruh... ruh var.

- Ağıllı qızım mənim. Nə ruh?

Elnarə bütün qorxularını Lidiyaya danışdı. Lidiya onu dinlədikdən sonra gülümsəyərək, dedi:

- Mənim gözəlim. Axı belə şeydən niyə qorxursan? Bunlar hamısı insanların boşboğazlığıdır. 

Bilmədikləri üçün belə olur. Insan bilmədiyi şeydən qorxar. Sən qorxma. Əgər elə bir ruh varsa 

belə, o sənə heç nə edə bilməz. Sənin Şəms kimi anan var. O səni hər şeydən qoruyar. Unutma 

bunu. 

- Lidiya xala, doğrudan anam məni qoruyar? 

- Hə, qızım. Şəms sənin zehnindəki bütün qaranlıq qorxuları aydınladar. Sən ananı düşünərək 

yat. Mənsə sənə onunla keçirdiyim vaxtlardan danışım.

Lidiya Elnarə yatana kimi onun başında gözlədi. Yatandan sonra, üzündən öpüb, otağı tərk etdi. 

Elnarə o gecə qorxularından qurtuldu. Amma geridə bir zamanlar qorxmasına səbəb olan, 

beyninin dərinliklərində iz qoymuş bir xatirəyə çevrildi. Onun adı, Mavi Ruh idi. 

Signor Bayramlı Məhəmməd.