Sən mənim bataqlıqda açan qönçəm, qaranlığı işıqlandıran mirvarimsən. Bəlkə də sadə cümlələr daha yaxşıdır, kim bilir. Böyük bir təxəyyül yeri buraxır öz arxasında, mən bu cümlələri deyirəm və sən mənim nə demək istədiyimi təxmin etməyə çalışırsan. Bəlkə bacarırsan, bəlkə də yox. Amma mövzu sən olanda mən bəlkələrdən qorxur, bütün risklərdən qaçmağa çalışıram. Sənə olan sevgimi dəqiqliklə ifadə etmək, səni nə qədər sevdiyimi sanki riyazi düstur, uzun və qəliz ədədlərlə isbat etmək istəyirəm. Hərçənd rəqəmlərlə aram elə də yaxşı deyil. Həm nə edə bilə, necə deyə bilərəm ki? Səni hələ düşünülüb tapılmamış hansısa ədəd qədərmi sevirəm? Ya bəlkə balaca uşağın "laaap çox" deyəndə açdığı iki qolu arasındakı məsafə qədərdir sevgim? Heç bir ifadə ya bənzətmə sənə olan sevgimi izah etməyə yardım ola bilmir. Bəziləri gücsüz qalır, bəziləri suni görünür. Bəzi şeirlər çox qəmli olur, bəzi mahnılar yersiz kədərli. Mövzu sən olanda, sənə olan sevgimi ifadə etməyə gələndə hər şeyə bir qulp qoymağı bacarıram, dürlü-dürlü gözəlliklər sənin təbəssümünün yanında solğunlaşır, rəngsiz qalır. Bir muzeyin şahəsəri kimisən sanki, önəmli olan, gedilməli, görülməli olan sənsən, bütün digər gözəlliklər atribut, xırda detal, sənə gedən yolda vaxt itkisi kimi gəlir. "Mənim tanrım gözəllikdir, sevgidir" deyirdi Cavid. Bax sən mənim üçün həmin o gözəlliyin təzahürü, o sevginin simvolu kimisən. Eşitmisən də yəqin, bu yaxınlarda hamı sosial şəbəkələrdə səsi yazıya çevirə bilən yeni proqramdan danışırdı. Görəsən nə vaxtsa texnologiya hissləri yazıya çevirən proqramı tapacaq qədər inkişaf edə biləcəkmi? Çünki başqa cür alınmır, nə qədər istəməyimə, yuxarıda o qədər yazmağıma baxmayaraq yenə də sənə qarşı hisslərimi ifadə etməkdə çətinlik çəkirəm mən. Sən artıq mənim ən doğma mənzərəmə çevrilmisən. Çoxunun arzusu gələcəkdə dənizi görən evinin olmasıdır. Mənə isə hər gün səni gördüyüm evimin olması bəs edir. Mənə dəniz yox, sən mənzərəsi lazımdır. Bir həyat boyu. Çünki sənin gülümsəmən bütün ümidsizliklərə həyat mənbəyi ola bilir, çünki sənin gözlərinin içindəki işıq bütün qaranlıqları aydınlada bilir. Çünki sən ölmüş təbiətə dönmüş həyatıma açmış bir qönçə,çünki sən qapqara səhifələrə işıq verən bir mirvarisən. Çünki "MƏN SƏNİ SEVİRƏM" cümləsində mübtəda olan mən-i cümlədəki kimi həyatda da sən tamamlayırsan. Mənim düşüncəmdə sevginin günü saatı saniyəsi olmur. Əgər birini sevirsiniz sə sözsüz o sizin hər ilinizə hər gününüzə hər saniyənizə işləmişdir.
-Yaxşıki Varsan♥️ 03:30