Əgər bütün bəşəriyyət   ədüvvi- canım ola

Ürək süqut eyləməz aldığı mətanətdən.

Ricavü xəvfə məkan vermərəm, gər alimlər

Min ildə vəz edələr dəhşəti- qiyamətdən...

       Salam, çiçək qadın, gül qadın.. Necəsən? Dünyamın ən möhtəşəm abidəsi. Sevincim, kədərim, ruhum və ən gözəl  yolum. Bilməyini istəyirəm ki, bildiyim tək bir həqiqət var, o da, səndən heç bir halda üstün ola bilməyəcəyim. Buna cəht də etmirəm. Mənə dünyanı bəxş edən varlıqdan üstün olmaqmı? Haşa, nə həddimə?   Bir bilsən sənin əsərlərin o qədər gözəldirki.. Hə, bu yazını sənə yazıram. Bilirəm ki, o, yenə səni qısqanacaq. Amma o hamıdan yaxşı bilir ki, sizi bir bütün görürəm. Hələ sənə  şeirlər də  yazıram. İçimdəki sən ki bitib tükənmir..Sənə demək istədiyim misralarım hər ötən gün bir az da çoxalır. Mən səni anlatmaqda acizəm. Ana, bağışla.. Ən gözəl qibləgahım. Səndən dönmək nə mümkün? Səndən getmək..Bilirsən mən geriyə dönüb baxıram və sənin   qazandığın zəfərləri  görürəm. Kimsələrin layiq görmədiyi o qalibiyyətləri yaşayarkən sənin səbrin, iradən və duan olduğunu da bilirəm. Mən həmişə sənin üstünə gəlirəm.. Yıxılan kimi qaçıram sənə tərəf ki, dizlərimdən bu tozu siləsən. Ana bilmirəm...Tanrı öz qulunu niyə hər dəfə ruhunun divarlarına çırpsın ki? İsa kimi çarmıxa çəksin, Yusif kimi quyuya atsın, dünyaya özgələşsin, göylərə qaldırsın və yerə göndərsin, sonra təzədən yenə bir dəfə, çırpılsın..dəfələrlə. Hə, o  axı bizə deyib, həddiniz olmayanı məndən soruşmayın..Hələ bir dəfə yadımdadır mən hər şeydən bezib dayanmaq, sonlanmaq istədim.  Həyatın bütün uğursuzluqları güllə kimi başımdan yağdı və güvəndiyim dağların başı qarla örtüldü.. Sən isə mənə baxdın və dedin: Elə bu? Bitdi?- sonda  bacaracam-demişdim sənə..Dünyanı xilas edə bilməyəcəm bəlkə də, amma insanlıq üçün sənə görə, sona qədər.. 

    Sənin qüdrətini xatırlatmaq, səndən danışmaq istədim bu gün. Peyğəmbərimiz də demişdi, axı, cənnət sənin ayaqlarının altındadır. Xatırlayırsan, mən o cənnətin qarşısında səcdəyə gəldiyim günü? İndi sən de: Kimsə deyə bilərmi ki, səni bir gün, bir saniyə unutmaq, yox saymaq bizim nə mümkünlüyümüzdə? Heç nə, heç vaxt unudulmur, unutmaq bir söz çünki...

            Bütün vücudum əsər, ruhum eyləyər pərvaz,

Uçar səmalara o aləmi xəyalətdə. Yatar, ölər bədənim, nitqdən düşər bir söz:

-Ana...Ana... sənə mən rahibəm itaətdə.


Anama və dünyamızdakı bütün analara...

 sevgilərimlə Sədəfxanım  Qəmbərli.