Gəlib-gedən insanlardan danışırdı, pis cəhərlətini deyil, yalnız ruha xoş gələn xasiyyət və davranışlarından söz açırdı. Onun taxtadan evi vardı. Şəhərə gediş-gəliş yolu bu yol olduğundan, bir çox insan buradan keçməli olurdu.

Taxta ev də, məhz bu yolun üstündə idi. Atlarla gedənlərin adətən, geyim-kecimləri yaxşı, azuqə kisələri isə bol olurdu. İri ağacların kölgəliklərindən savayı, başqa bir yerdə atlarını saxlamırdılar. Dünyanın təkcə bir üzü buradan keçmirdi, o biri üzü, yoxsul təbəqənin nümayəndələri də bu yolda ayaq döyərək yaşamlarına davam eləyirdilər. Taxta evin sahibi uzaqlıqda olan çaydan tuluqlara su doldurub, eşşəyinin belinə yükləyərək evinə gətirir, sudan bir parça tökərək yol yırağına, evinin önünə çıxaraq gəlib-keçən insanlara içmələri üçün havayı verirdi. Qoca olmasına baxmayaraq, kiçiklə kiçik, böyüklə böyük idi. Onun üzündə təkcə müsbət ifadələr görə bilərdiniz. O, daim gülümsəyirdi.

Uzaqdan hələ iki nöqtə kimi gözə görünən, yaxınlaşanda isə mütləq ki, böyüyüb insana çevriləcək olan bu iki qaraltı, qocanı xeyli sevindirmişdi.

Taxtadan daxmasına girərək, su tuluqlarından birinin ağzını aşağı əyib parçı ağzına qədər doldurduqdan sonra, təkrar yolun kənarına çıxdı. 

Nöqtələr artıq nidalara bənzəyirdi. Havada isti yel əsirdi, bu yel, taqətdən düşmüş və susamış insanların nəfəslərini biraz da kəsirdi. Axşamlar bu yerlərdə çayın şırıltısı qulaqlara hakim kəsilirdi. Qocanın isə, gecələri yatarkən bu səsin ahəngindən ruhu rahatlıq tapırdı. Hər şey gözəl idi. Bircə, bu taxta bitləri olmasaydı. Onlar evdə bir dənə də salamat qapı-pəncərə qoymamışdı. Dəlib-deşərək onlar da özlərinə taxtadan ev düzəldirdilər. Ətrafında hər hansı canlılar varsa, bil ki, onlarla eyni həyatı və bəlkə də, eyni evi paylaşırsan. Paylaşmağın dərin və olduqca sirrli tərəfləri var. Qoca bir sirri bilirdi. "Gördüyümüz şeylər çox azdır, ona görə də bizləri heç zaman qane etməyəcək. Görmədiyimiz tərəfi görməyimiz, bizlər üçün həyatımız qədər vacibdir. Açıq bir şəkildə olan on barmaq, iki yumruqdan daha güclüdür. Yaşamı dərk etmək, dünyanı hərlənmək demək deyil. Bizlər səyyah deyilik, sadəcə torpaqdan evlərdə müsafirlərik. Bəzən çayımız soyuyar, başımız söhbətlərə qarışdığı üçün bunu duymarıq.

Qoca oturduğu daşın üstündən qalxıb gələn adamlara əl verib görüşdü.

- Sizi birinci dəfədir görürəm buradan keçərkən. Keçin içəri biraz dincinizi alın sonra yolunuza davam eləyərsiz. 

Yolçular qocanın təklifini sevinərək qəbul etdilər. Evdə gözəgəlimli heç bir şey yox idi. Hər şey taxtadan hazırlanmışdı. Əgər bu cür evlə və bu cür xoşsifətli insanlarla rastlaşsanız mütlət içəri keçin, onlarla söhbət etdiyiniz anlar ürəyinizdəki rahatlığı hiss edəcəksiniz. 

Qoca iki parçı su ilə doldurub gələn iki müsafirin önünə qoydu. 

- İçin, uzun və bürkü havada nə zamandan yol gəlirsiniz. Halal xoşunuz olsun. 

- Çox sağ olun, - əyninə qısa yapıncı geyinmiş kişi sudan bir neçə qurtum aldıqdan sonra sözünə davam elədi.-üç gündür bizim rayondan şəhərə yola düşmüşük, suyumuz və yeməyimiz  dünən gecə qurtardı. Əvvəllər yollarda meyvə ağacları gözə dəyərdi, indi o ağacların yerində daşdan evlər tikilib, dəmir qapıları isə çox zaman bağlı olur. Vallah insan bilmir nə etsin. Kisəmizdəki pul da qurtardığından bazara getməyə üzümüz gəlmədi. 

Qoca əhvalı pozulmuş bu kişinin üzünə baxaraq gülümsədi.

- Varımız bu gün bizim, sabah bir özgənindir. Sudan doyunca için, bu an sudan qeyri bir şey haqqında fikirləşməyin.

Kişi gözlərini parçdakı suya endirərək baxdı.

- Su çox şəffafdır, bunu haradan gətirirsiz? Bizi qonaq kimi qəbul etdiyiniz üçün sağ olun.

- Su adi sudur, tərkibinə kin, həsəd, və kinayə qatılmayıb. Bu ev tək sizin üçün deyil, hər bir yolçunun dincini alacağı və bir parç su içərək susuzluğunu, yorğunluğunu üzərindən atacağı evdir. 

Kişi də qocaya baxaraq eynilə onun kimi gülümsəməyə çalışdı.

- Sizi başa düşdüm. Biz artıq yolumuza qoyulaq. 

Qoca, kişini və yanındakı qızını yola salmaq üçün bir ucu şəhərin mərkəzinə qədər uzanan yolun kənarına çıxarıb yola saldı. Onlar gedərkən belə, uzaqdan əl edib xudahafizləşirdilər.

Bir gün sonra onlar şəhərin mərkəzinə çatmışdılar.

- Qızım acmamısan ki?

- Yox ata suyu içəndən sonra eləbil neçə qab yemək yemişəm.

- Bayaqdan aclıqdan başım fırlanırdı, indi sanki gözlərimə işıq gəlib mənim də. 

- O baba kim idi?

- Heç mən də bilmirəm qızım, bircə onu bilirəm ki, çox yaxşı insanlığa malikdir.

Axşam çayın ecazkar səsi qocanın qulaqlarına dəyirdi. O, taxtadan hazırlanmış yatağında gözlərini yumaraq yuxuya getdi. 

Qocanın gözlərinə bir nöqtə görsənirdi, birazdan o, nidaya çevriləcək və bir parç su içərək yoluna təkrar davam edəcəkdi.

 

" Özgəyə verdiyin bir damcı sudan,

Yaranar qəlbində xoşbəxtlik yuvan. 

Sənə faydalar var, səndən də gizli. 

Uzaqda görünən, yaxında duran." 

 

Son. 

 

Müəllif : Ali Ahlas