...Əbdül Vahab Yurdsevər göz yaşları içində dizləri üstə çöküb Məhəmməd Əmin bəyin məzarını öpəndən sonra ayağa qalxıb qəhərlənə-qəhərlənə sözə başladı: "Əziz arkadaşlarım! Bu gün son yarım əsrlik Türk tarixinin ən böyük və ən nurlu simalarından birini torpağa təslim edirik. Məhəmməd Əmin Rəsulzadə əlli ildən çox siyasi, ictimai, elmi, ədəbi çalışmaları, Türklük və Azərbaycan istiqlalı uğrundakı qəhrəmanca savaşları ilə bu yüksək ünvana və şanlı mərtəbəyə çatmışdır. Məhəmməd Əmin bəy Türk ulusunu qurtuluş yoluna təşkilatlandıran parlaq bir istiqbala götürənlərdən biridir. Onun adı şanlı bir mübarizə simvoludur. Onun həyatı sönməz bir məşəldir. Onun yolu istiqbal və zəfər yoludur. Məhəmməd Əmin bəyin böyüklüyü və yüksəkliyi ölümündən sonra daha bir qüvvət halında yaşamasında və əsərləri ilə bütün bir milləti yaşatmasındadır. Torpağa verdiyimiz onun vücududur. Başımızda və qəlbimizdə yaşayan onun ölməz və böyük ruhudur. 

Məhəmməd Əmin bəy çətin vəzifəsini yerinə yetirmiş və pak, açıq bir alınla istiqlal şəhidlərimizin hüzuruna çıxmaqdadır. Özünə haqdan rəhmət, sizlərə də səbr və mətanət diləyirəm."

 

Əzilməz xalqın kökü, dərindədir dərində,

Zaman çəkib oturdar hər kəsi öz yerində,

İllər gəlib keçsə də sən xalqın nəzərində

Yenə həmin oğulsan, yenə də həmin kişi!

Bu böyük həqiqətə əmin ol, Əmin kişi!

 

İlkanə Şahmar