Zaman varmıydı,həqiqətən,yoxsa onu insanlarmı uydurmuşdu?...Axı insan çərçivələri,sərhədləri,qadağaları sevir.Nə qədər bunun əksini söyləsə də,gerçəkdə olan bu idi.İnsan olması istədiyi kimi olmamışdı heç vaxt...

Qatı dumanın hakim kəsildiyi labirintdən çıxış artarmaq çox yormuşdu gənc səyyahı.Hara fırlansa yeni bir maneə qarşılayırdı onu.İnamla gəldiyi hər döngə başqa bir labirintə açılırdı.Gənc səyyah axtarışı dayandıraraq günəşin parlamasını gözləməyi qərara aldı.Yalnız o zaman çıxışı tapa biləcəyinə inandı...

Səyyah labirintə düşdüyündən bəri çox yol qət etmişdi,lakin ancaq "qurtuluşa" fokuslandığı üçün ətrafdakı heç nə onun diqqətini çəkməmişdi.Yalnız indi,indi o, qatı dumanlara bürünmüş,al-əlvan rəngləri solmuş, Möcüzələr diyarı adlandırdığı bu labirintin öz dünyası olduğunu dərk edə bildi.Heyrətdən donub qaldı gənc səyyah...Bu onun dünyası idimi?Axı o buranı tamam fərqli təsəvvür etmişdi...Niyə hər şey fəlakətdən qalan qalıqları xatırladırdı?

Həyəcan və məyusluqla ətrafı gəzməyə başladı gənc səyyah...Bir qədər aralıda üstündən qalın dumanların qalxdığı qapqara bir daxma gördü.Dünyasını dumana qərq edən bu daxma olmalı idi.Amma nə var idi orda?Həyat eşqilə yaşayan gənc səyyahın dünyasında belə bir daxmanın nə işi vardı?

Yaxınlaşdıqca nəfəsi buz kəsir,ayaqları sözünə baxmaz olurdu,lakin maraq yaxasını buraxmırdı səyyahın...Gənc səyyah gördüklərinin təsirindən yerindəcə donub qalmışdı...Tək qalmaq qorxusu,sevdiklərini bir daha görməmək qorxusu,uğursuzluq qorxusu,unudulmaq qorxusu,sevilməmək qorxusu,sahib olduqlarını itirmək qorxusu.....Və daha nələr vardı o daxmada..Bəli,qorxu evini xatırladan bu daxma gənc səyyahın üzləşmək istəmədiyi qorxularının əsəri idi.O qədər çoxalıb böyümüşdü ki qorxular,artıq gənc səyyahın bütün dünyasını Günəşin parlaq şəfəqlərindən məhrum etmişdi.

Gənc səyyah anlayırdı ki,Günəşi görmək üçün bu dumandan qurtulmaq lazımdır...Nə olursa olsun,qorxuları ilə mübarizə aparmalı və üzləşməli olduğunu bilirdi.Asan olmayacaqdı,lakin insanın bacara bilməyəcəyi bir şey yox idi və gənc səyyah da bunu bacara bilərdi...Səyyahın həyatının hər mərhələsində çox axtardığı,lakin az qarşılaşdığı sevimli dostu bu işdə ona kömək olacaqdı.Cəsarətli səyyah hər şeyin öhdəsindən gələ bilərdi.Beləliklə qorxuları ilə üzləşdi səyyah və anladı ki,qorxular onun həyatının bir parçasıdır,onlardan qaçmaq yox,onları idarə etmək lazımdır...

Artıq gənc səyyahın dünyasında qorxuların tərk edilmiş "evi" yox idi.Yenidən Günəşi görəcəyi üçün çox sevinirdi səyyah... İndi labirintin hər bucağı o qədər maraqlı idi ki onun üçün...Dünyasında başqa nələrin olduğunu öyrənmək üçün davam etdi yoluna...

Uzaqda yamyaşıl xoşətirli bir bağın olduğunun fərqinə vardı gənc səyyah.O qədər gözəl görünürdü ki bu bağ,səyyah ora çatanadək bu bağın kim tərəfindən salındığını düşündü.Əfsanəvi bağ gənc səyyahı öz sehrinə salmışdı.O,bağı gəzdikcə ağacların gözəlliyinə,heç vaxt görmədiyi güllərin qoxusuna valeh olurdu.Bağın mərkəzinə çatdıqda gördükləri isə onun heyrətini qat-qat artırdı...Masmavi ləçəkləri bərq vuran,qoxusu insanı bihuş edən bir çiçək sanki bütün bağın gözəlliyini özündə daşıyırdı...Lakin bu çiçəyin gövdəsi o qədər zəifləmişdi ki,qırılıb məhv ola bilərdi.Yenə suallarla baş-başa idi gənc səyyah...Bu qədər gözəl bir bağda bu çiçəyə nə ola bilərdi ki?Çiçəyin yanına gəlib ehmalca ləçəklərini əlinə aldı.Yalnız həmin an zəhərli sarmaşıqların heyrətamiz çiçəyin köklərindən boy verdiyini görə bildi...O bağ gənc səyyahın inancları idi.Möhkəm,təəccüblü və əsrarəngiz inanclar..Gənc səyyahın dünyasını bəzəyən və yaşamına yön verən inanclar...Sarmaşıqlar isə şübhə toxumlarıydı.İnancları zəiflədən və vaxtından müdaxilə olunmazsa,yox edən zəhərli qüvvə...

Mavi ləçəkli,gözoxşayan çiçəyini xilas etmək üçün onu sarmaşıqlardan qurtarmalı idi gənc səyyah.Yalnız bu zaman çiçəyinin solmuş və zəifləmiş gövdəsi öz möhkəm yaşıllığına qovuşa bilərdi...

Bağın digər tərəfində isə gözoxşayan bir köşk nəzərə çarpırdı.Bu köşk o qədər doğma gəlirdi ki gənc səyyaha...O,köşkə yaxınlaşdıqca köşkün içində sevdiyi insanların əksini gördü.İfadə edilməsi qeyri-mümkün sevinc,həyəcan,və inciləri xatırladan gözyaşları yoldaşlıq etdi ona.Lakin min həyəcanla can atdığı o köşkə daxil ola bilmədi gənc səyyah...Hər şey uzaqdan çox yaxşı görünə bilərdi və uzaqdan görünənlə əsl olan eyni olmaya da bilərdi... Köşkün hasarı hər tərəfdən şüşə qırıqları ilə dolu idi.Yaxınlaşmaq mümkün deyildi bu köşkə...Gözyaşları içində boğulurdu gənc səyyah.Nə idi bu qırıqlar,nə demək istəyirdi ona?Sevdiklərinə bu qədər yaxın ikən niyə onların yanına gedə bilmirdi?

Sualların ardı-arası kəsilmir,düşüncələr aləmində qeyb olurdu gənc səyyah...Hadisələri ən başından düşünməyə başladı,əvvəl labirint,sonra qatı duman,qorxu evi,əfsanəvi bağ,mavi çiçək,bu köşk...Bunlar hamısı gənc səyyahın dünyası idi.Kəşfə çıxdığı dünya məhz bunlardan qurulmuşdu.O bağın da,qorxu evinin də,mavi çiçəyin, hətta o sarmaşıqların da müəllifi gənc səyyahın özü idi...Eynən bu köşkün və qırıqların müəllifi kimi...O qırıqlar qırılmış qəlblərdən yaranmışdı və bilmədən də olsa gənc səyyah ən sevdikləri ilə öz arasına keçilməz sədd hörmüşdü.Sevdiklərlərinə çatmaq üçün isə o qırıqları bir-bir təmizləməli idi...

Möcüzələr diyarında gənc səyyah çox şey öyrəndi.Hər şeyin qaydasında olduğunu,dünyasında Günəşin daim işıq saçdığını düşünürdü əvvəllər,lakin indi o dünyanı Günəşə də,dumana da qərq edənin özü olduğunu anladı.Anladı ki,ən dəyərli aləm öz dünyasında gizlidir və o dünyanın daim qayğısına qalmaq lazımdır...????????????