Budur. Piano səsi gəlir. "Field". Yaşamın nə demək olduğunu, həzzin, sevginin, ayrılığın, özləmin, necə bir hiss olduğunu sözsüz, kəlimələrsiz, izah edən piano səsi. Evgeny, bu gün yenə iliklərimə qədər işlədin. Hüzurun, intiharın, aydınlığın, qaranlığın tək musiqisi. Kofenin ya da çayın, suyun ya da şirənin bilmirəm bəlkə də viski ya da şərabın içilərək dinləniləcək musiqisi. Varoluşun, yaşayışın, ölümün,  xəstəliyin, qarışıq halların ilacı olan o səs. O səs ki, dinlədiyin zaman baxdığın hər nədirsə, izlədiyin hər nədirsə, ona aşiq olacağın o səs. Piano telləri əsir. Hər dilə toxunandan sonra səsin yayılması, mahnının sümüklərimizə qədər, ciyərlərimizə qədər,  ürəyimizə qədər yol alması kimidir. 

Baxıram xəyalın canlanır göz önümdə. Varoluşunu hiss edişim, toxunduğun hər zərrəmin titrəməsi, hiss etməsi yenidən bu gün olanları... Pianonun dillərinə ardıcıl olaraq sürətlə toxunduğu kimi gözlərim gözlərinə toxunub qaçmışdı bu gün. Gözəl avazı var amma utanc ya da adını qoya bilmədiyim bir hissə görə baxa bilməməyim. Və xahiş bu yazını oxuduğun zaman o musiqiyə qulaq asıb oxuyasan... Onda nə demək istədiyimi daha yaxşı anlayarsan. 

Nəfəs alıram. Nəfəsimi ilk öncə burnumdan qalxıb boğazımdakı boşluqda dayanıb ağciyərlərimin yollarını axtardığını hiss edirəm. 

Gözlərim yumulur. İlk öncə kipriklərimin gövdələrinin əmələ gətirdiyi "meşəliyi" sonra isə qaranlığı görürəm. 

Sənə toxunanda barmaq izlərimin barmaq izlərini necə əzdiyini hiss edirəm. Ya da qarmaqların səninkilərini daradığını. Deyəsən musiqi "Replay"dadır. Ya da çox uzun hüzur dolu bir yoldayam bitmək bilməyən, bitməsini gözləyirəm. Gözlədiyim üçün bəlkə də uzun gəlir zaman mənə. Gərək o qədər  hissi güclü olasan ki, bircə piano səsinin əmələ gətirdiyi o hüzur dolu musiqini hiss edib adını qoya bilmədiyin anı yaşayıb bu yazını yazasan. Bəlkə də buna görədir tez qırılmağım, içimdə yaşadığım o adını bilmədiyim, qabağımdakı kofeni unudacaq qədər xəyallara aparan hissin nə olduğunu bilməməyim. 

Yalnış anlamayın mən bu mahnıya söz yazmıram. Bu mahnı özü mənə yazdırır... Düşünün ki, sevdiyiniz insan yanınızdadır, amma sol əl pianoda necə sağ əldən fərqli səslər çıxarırsa,  sizin də sevdiyiniz insan elə fərqlidi sizdən. Amma bir-birini tamamlayıb gözəl musiqi alındıran sevginiz var...

Ehh...

Hələlik bu qədər...

Sevgilərlə...