Vətən deyəndə bütöv bir məmləkət, onun hər bir qarış bucağı nəzərdə tutulur. Bəzən  insanlara “haralısan?” sualı veriləndə onlar məlum bir şəhərin və ya kəndin adını çəkirlər. Düşünürəm ki, vətən təkcə dünyaya göz açdığımız kənddən və ya şəhərdən ibarət deyil. Lakin doğrudur ki, vətən sənin dünyaya göz açdığın şəhərdən başlayıb, şimallı-cənublu, şərqli- qərbli olmaqla öz sərhədləri çərçivəsində məhdudlaşan dövlətdir, ölkədir. Əsl vətəndaş isə məmləkətini əbədiyyətə daşıyan  və onun üçün çalışandır.

       Biz hər birimiz bu ölkənin vətəndaşı kimi vətən torpağının hər zərrəsini qorumalı və onun inkişafı üçün çalışmalıyıq. Zamanla tarixin bizə yaşatdığı acı mənzərələr, itirdiyimiz vətən torpaqları bizim yaddaşımızda olmalıdır. Torpaqdan pay olmaz deyib atalarımız. Bu gün biz işğal altında olan Qarabağımızı da unutmamalıyıq. Onun gələcəyini düşünmək üçün Qarabağda dünyaya göz açmağa ehtiyac yoxdur! Hər birimiz eyni zamanda bir Qarabağlı olduğumuzu da xatırlamalıyıq. Bunun üçün bütöv Azərbaycanı yurdumuzu sevməliyik. Hər birimiz, torpağımızın itirdiyi hər zərrəni düşünməliyik. Çünki insan, keçən zamanda səhvi üzündən nələrisə itirə bilər, lakin onu geri qaytarmaq üçün cəht etməlidir. Tək bir həqiqətə heç vaxt şübhə duymamışam, o da, işğal altında olan torpaqlarımızın geri qayıtmasıdır. Bunun üçün də, illər əvvəl bu misraları yazmışdım.

Kim dedi ki, unutmuşam?

Kim dedi ki, yad olmuşam?

Bunu bilməli hər kəs

Mən Şuşama qaydacam....


Eşit ana, eşit ata,

Hədər getməz bu qan-dava.

Bu savaşın bitdiyi gün,

Mən Şuşama qayıdacam.

       Bəli torpaqdan pay olmayıb, olmayacaqda. Bizim dərin kökümüz, aid olduqlarımız və bizə aid olanlar var. Biz heç bir zaman bunu unuda bilmərik. Bu gün avropalaşırıq, inkişaf edirik , bütün bunlar  olduqca gözəldir.  Hətta dahi mütəffəkkir Ə.Ağaoğlu öz əsərində cəmiyyətin yenilikçiliyə ayaq uydurmasını belə qeyd etmişdir.” Biz yaşaya bilmək üçün yeni bir mədəniyyət zümrəsi içinə atıldıq. Başarılı olmaq dilək və əməlindəyiksə durmadan həyatımızın bütün təməllərini bu yeni mədəniyyətə görə qurmalıyıq. Əks halda qurtuluş yoxdur.” Lakin biz öz adət-ənənələrimizi, milli dəyərlərimizi heç bir avropasayağı  ənənənin ayağı altına qoya bilmərik. Çünki bizim tarixə söykənən “Kitabi Dədə Qorqud”umuz, “ Koroğlu”muz, Şah İsmayılımız var. 

         Xalqımızın yalnız birliyə və bərabərliyə ehyiyacı var. Biz düşmənlərimizə yalnız birlik və bərabərliklə qalib gələ bilərik. Biz gözümüzün gördüyü həqiqətləri dana bilməz, onlara laqeyd yanaşa bilmərik. Ən böyük həqiqətimiz isə  yurdumuz- Müstəqil Azərbaycandır. Ən yüksək amalımız isə ana yurdumuzun çiçəklənməsi üçün  çalışmaqdır.