Oturmusan qaranlığın tənha səssizliyində. Sadəcə sən və sənə səndən danışacaq bir mahnının olmasını istəyirsən. Yorğun ruhunu, cəsarətli sözlərlə canlandırıb yenidən doğulmaq üçün .Ya sevincə boğulacaqsan, ya kədərə, ya qaranlıq səni boğacaq, ya da qaranlıqla bütünləşib musiqiyə qarışacaqsan. Bəs səni həm xoşbəxtliyə, həm kədərə, həm var oluşa, həm də yoxluğun kədərli varlığına boğacaq bir mahnı varmı play-listində? Uzun düşüncədən sonra kiçik bir hərəkətlə ikinci dünyan olan musiqi planetini ziyarət edirsən, oranın Tanrısı isə Queen-dir. İlk mahnı "Bohemian Rhapsodi". İlk saniyələr mahnı həzin tonda başlayır və damarlarındakı qanınla bütünləşib ruhunu ələ keçirir. Ruhun itmiş bədənində cisminin axtarışına çıxır. Həyatındakı boşluqları, yoxluqları, var olub yox saydıqlarını yenidən notlarla bütünləşdirib sənə təqdim edir. Azalan-artan tonların altında əzilirsən. Mahnının dəyişkən notları altında böyüyən ürəyin cisminin necə kiçik olduğunu dərk edir. Pianinonun dərin ifasından sonra Fredinin ecazkar səsi gəlir - "Mama just killed a man"... Dərinə, çox dərinə nüfuz etməyə başlayır bu sözlər. Fredinin artan səs tonu səni aliləşdirməyə başlayır, böyük bir boşluğun içində Frediylə baş-başa qalırsan. Sanki sözlər öz sözlərinmiş kimi Fredidən ötəyə keçirsən. Onun səsindəki çarəsizliyi, peşmançılığı, yaşama olan sevgisini, bir sözlə bütün insani duyğuları hiss etməyə başlayırsan .Və dodaqların istəmsizcə onunla birlikdə oxumağa başlayır. "Mama life had just begun" müsiqiylə birlikdə axmağa başlayırsan dəyişən tonlar səni ayıldır. Böyük boşluğun içində sürətlə qaçmağa başlayırsan, sözlər səni rəqsə dəvət edir. Sözlər musiqidən uzaqlaşıb ruhunun dərinliklərinə bu cümləni cızır "too late, my time has come" və yenidən musiqiyə qarışır...

Əslində mahnı sənə sürətli olmağı öryədir, bütüm xəyallarını 0 altı dəqiqəyə sığışdırmalısan nə də olsa. Sığışdıra bilməsən mahnı bitər və xəyalların yarımçıq qalar. Demək ki, mahnı gələcəyə səhayətdir həm də. Mahnını dinləyirsən və gələcəkdəki "səni" yad edirsən. Mahnılarm, musiqilər, pianıinonun simi belə səni səndən daha yaxşı tanıyır. Çünki sən də bir mahnısan. Xoşbəxtliyin sözlərində gizlidir. Sən də bir musiqisən. Bütün varoluşun notlarında gizlidir. Mahnılar səni səndən tez kəşf edir. Sən gec ya da tez özünü kəşf etməlisən. Etməlisən ki, yeni doğan Ay kimi parlayasan. Parlamalısan ki, qalaktika səni kəşf etsin. Eynən Bohemian-Rhapsodinin səni kəşf etdiyi kimi...

Musiqi sənindir. Musiqi sənsən. Ya bir yerdən başlayacaqsan ifa olunmağa, ya da bitmiş musiqinin son notları olacaqsan. Nə demişdı Queen? Keep yourself alive (özünü dik tut)...

Müəllif: Şəms Hacıyeva